Ölkəmizdə ali teatr təhsilinin tarixi ikinci dünya müharibəsindən sonraya təsadüf edir və 1945-ci ildə əvvəlki Teatr Texnikumunun nəzdində yaradılan Azərbaycan Dövlət Teatr İnstitutunun fəaliyyət dövrü başlayır.
O zaman cəmi 3 tədris strukturu bölməsində birləşən – aktyorluq, rejissorluq və teatrşünaslıq fakültələri kimi fəaliyyət göstərən institutdakı pedaqoji işə R.Təhmasib, Kazım Ziya, A.Tuqanov kimi teatr xadimləri ilə bərabər, Ə.Sultanlı, M.Rəfili, F.Qasımzadə və A.Mudrov kimi həmin dövrün alimləri cəlb edilmişdilər.
Bu zaman ilk tədris ilində 40 tələbə, müvafiq olaraq aktyorluğa 15, rejissorluğa 15, teatrşünaslığa 10 tələbə qəbul edilmişdir.
Sonrakı illərdə Dövlət Teatr İnstitutunun strukturu genişləndirilmiş, ixtisas təhsilinin miqyası artmış və bu zaman ayrı-ayrı fakültələr, kafedralar yaranmışdır. Həmin illərdə institutun pedaqoji heyətində A.İsgəndərov, M.Məmmədov, R.Təhmasib, T.Kazımov, C.Cəfərov, İ.İbrahimov, C.Səfərov, A.İsmayılova, M.Cənizadə, M.Əsgərov, Ə.Dadaşov, İ.Dağıstanlı, Ə.Quliyev, N.Jdanov, H.Hüseynov, A.Adilov, F.Sultanov, E.Mustafayev və b. təmsil edirdilər.
Ötən əsrin 70-ci illərində institutda “Teatr və təsviri sənət”, eləcə də “Mədəni-maarif” fakültələri fəaliyyət göstərirdi.
Azərbaycanın dövlət müstəqilliyi illərindən sonra Teatr İnstitutu yeni statusda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti statusunda fəaliyyətini davam etdirməyə başladı və məhz bu illərdə onun strukturu daha da təkmilləşdi. Bu zaman Universitetin müəyyən ixtisaslar üzrə müvafiq kafedraları birləşdirən fakültələr yaradıldı ki, onların biri də “Teatr sənəti” fakültəsidir.
Öz tərkibində “Dram və kino aktyoru”, “Dram rejissoru və səhnə plastikası”, “Teatrşünaslıq”, “Səhnə danışığı”, “Musiqili teatr aktyoru” kafedralarını birləşdirən “Teatr sənəti” fakültəsinin professor-müəllim heyətində 4 sənətşünaslıq elmləri doktoru, 11 professor, 10 sənətşünaslıq üzrə fəlsəfə doktoru, 12 Əməkdar artist, 7 Xalq artisti, 2 Əməkdar incəsənət xadimi, 3 Əməkdar müəllim, 16 dosent, 4 məsləhətçi professor, 8 baş müəllim, 11 müəllim, çalışır.
Hal-hazırda fakültədə müxtəlif ixtisaslarda bakalavr və magistr pilləsi üzrə 328 tələbə təhsil alır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aparıcı sənət və nəzəriyyə kafedralarının fəaliyyətini tənzim edən “Teatr sənəti” fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Mehdiyevadır.