ADMİU-nun dosenti Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində təlim keçib
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Kimliyimizi yaşadan dəyərlər – milli kimliyin və mədəni irsin gənclər arasında təbliği” adlı layihə çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasında təlim təşkil olunub.
Təlimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov “Qarabağın dini-memorial memarlıq abidələri: tarixi mənsubiyyət, bədii xüsusiyyətlər və bərpa məsələləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Qarabağda dini və memorial memarlığın formalaşması və inkişafı, xristian dini memarlıq abidələrinin tarixi mənsubiyyəti, İslam dövrünə aid məscid və türbələrin memarlıq-kompozisiya quruluşu və bədii xüsusiyyətləri, eləcə də tarixi abidələrin mühafizəsi və bərpası məsələlərindən ətraflı bəhs olunub.
Çıxış zamanı tarixi memarlıq abidələrimizin gənc nəslə tanıdılmasının, onların tarixi və bədii dəyərinin öyrənilməsinin, qorunaraq gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, layihənin müəllifi Azərbaycan Respublikası Gənclər Fondunun qrant müsabiqəsinin qalibi Aysel Quluzadədir.

