ADMİU-nun rəhbərliyi və kollektivi Zəfər Muzeyini ziyarət edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi və kollektivi Zəfər Muzeyini ziyarət edib.

Ziyarət zamanı universitetin rəhbər heyəti və əməkdaşları muzeyin ekspozisiyası ilə yaxından tanış olub, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfəri əks etdirən eksponatlara, foto və video materiallara, tarixi sənədlərə baxış keçiriblər.
Muzeydə nümayiş etdirilən eksponatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizənin tarixi, xalqımızın qəhrəmanlıq salnaməsi, şəhidlərimizin əziz xatirəsi və Ordumuzun şanlı Qələbəsi haqqında dolğun təsəvvür yaradıb.
Ziyarət çərçivəsində qonaqlara muzeyin yaradılması, ekspozisiyaların konsepsiyası, təqdim olunan materialların tarixi əhəmiyyəti və Vətən müharibəsinin yaddaşlarda yaşadılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Zəfər Muzeyi Azərbaycanın müasir tarixinin mühüm mərhələsini gələcək nəsillərə çatdırmaq, milli yaddaşı qorumaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.