Keyfiyyət təminatı və strateji planlama departamenti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elmi Şurasının 12 avqust 2022-ci il tarixli iclasının 3/64 №-li protokolu əsasında yaradılıb.

Keyfiyyət təminatı və strateji planlama departamenti ali təhsil müəssisəsində tədrisin və dəstək xidmətlərinin keyfiyyətinin planlaşdırılması, nəzarəti və davamlı inkişaf funksiyalarını icra edən tələbəyönümlü tədris mühitinin dəstəklənməsi, tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin işlənməsi, tədris prosesi ilə bağlı metodiki materialların keyfiyyətinə, dövlət standartlarının tətbiqinə, eləcə də əlaqəli digər proseslərə nəzarət funksiyalarını yerinə yetirən, birbaşa rektora tabe olan funksional struktur vahididir.

Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Elm haqqında” Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Elm və Təhsil Nazirliyinin əmr, təlimat və Kollegiya Qərarlarını, digər müvafiq qanunvericilik aktlarını, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nizamnaməsini, Strateji İnkişaf planını (SİP), Elmi Şuranın qərarlarını, təhsil, elm və innovasiyalar, inzibat-iqtisadi və sosial fəaliyyət sahələrində mövcud olan müvafiq normativ-hüquqi aktları, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar”ı (ESG), rektorun əmrlərini və əsasnaməni rəhbər tutur. Hazırda Keyfiyyət təminatı və strateji planlama departamentinə Şirinbəy Əliyev rəhbərlik edir.

Əməkdaşlar

Elçin Cəfərov

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Cəfərov Elçin Nadir oğlu 1985-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsində Teatrşünaslıq ixtisası üzrə bakalavr (2003-2007) və magistr (2008-2010) pillələrini fərqlənmə diplomları ilə bitirib. 2006-cı ildən Azərbaycan Dövlət Yuğ Teatrında Bədii dram hissəsinin rəhbəri vəzifəsində çalışır. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi vəzifəsində çalışıb.

2012, 2014, 2016 və 2018-ci illərdə Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Teatr Konfransında teatrşünas kimi iştirak edərək, məruzələrlə çıxış edib.

2014-cü ildə Mədəniyyət Nazirliyinin keçirdiyi “Teatr mövzusunda ilin ən yaxşı məqaləsi” müsabiqəsində 2-ci mükafata layiq görülüb. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin doktoranturasını əla qiymətlərlə bitirərək, “Vaqif İbrahimoğlunun rejissurası və konseptual teatr poetikası” mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb (2019).

2014-cü ildən ADMİU-nun Teatrşünaslıq kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. Hazırda həmin kafedranın dosenti kimi fəaliyyətini davam etdirir. 2018-2019-cu illərdə Universitetdə Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışıb.

Azərbaycanda və ölkə hüdudlarından kənarda keçirilən bir çox konfrans, forum, seminar və müzakirələrdə məruzələrlə çıxış edib. 40-a qədər elmi, 40-dən artıq publisistik məqalənin, 8 tədris proqramının müəllifi, bir neçə kitabın tərtibçisi və redaktorudur.

Azərbaycan Teatr Xadimləri İttifaqının, Beynəlxalq Teatr Tənqidçiləri Assossasiyasının (AICT, IATC) üzvü, Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidentidir.

Mütəmadi şəkildə beynəlxaq tədbirlərdə iştirak edir. 2012-ci ildə Moldovada, 2015-ci ildə Belarusda, 2019-cu ildə Özbəkistanda keçirilən Gənclərin I, II və III Beynəlxalq Teatr Forumlarında, həmçinin 2012, 2013, 2014, 2015, 2018-ci illərdə Tbilisi Beynəlxalq Teatr Festivalında, eləcə də 2012-ci ildə Tbilisidə keçirilən “Senzuradan sonrakı dövrdə postovet məkanı ölkələrinin dramaturgiyası” Tbilisi Beynəlxalq Teatr və Dramaturgiya Forumunda teatrşünas kimi iştirak edib. 2020-ci ildə Qazaxıstanda keçirilən XXIII “Şabıt” Yaradıcı Gənclərin Beynəlxalq Müsabiqəsində jüri kimi çıxış edib.

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının Yaradılması” (ECAR) və “Azərbaycan ali təhsilində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus + layihələrində eskpert kimi iştirak edir.

Teatro.az sənət portalının həmtəsisçisi və şef-redaktorudur.

2021, 2022-ci illərdə Teatro.az sənət portalı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 4.4 Qısa Tamaşalar Festivalının art-direktorudur. Mədəniyyət və İncəsənət Universitetində keçirilən “Pillə” Tələbə Tamaşaları Festivalının təşkilatçısı və münsiflər heyətinin üzvüdür.

Hazırda Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini vəzifəsində çalışır.

Fəridə Cəlilova

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Cəlilova Fəridə Mahir qızı 1982-ci ildə anadan olub. 1989-cu ildə Bakı şəhəri 144 №-li orta məktəbə birinci sinfə getmiş, ikinci sinifdən 247 №-li məktəbə keçmiş və 1999-cu ildə oranı bitirib. Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olaraq Sənətşünaslıq fakültəsinin Teatrşünaslıq ixtisası üzrə təhsil almağa başlayıb. 2003-cü ildə bakalavriatı bitirərək təhsilini eyni ixtisasın magistratura pilləsi üzrə davam etdirib. 2005-ci ildə magistraturanı bitirib (magistr dissertasiyasının mövzusu “Brext və Azərbaycan teatrı”) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aspiranturaya daxil olub. Teatrşünaslıq kafedrasında “Yuğ Teatrının poetikasının konseptual səciyyələri” mövzusunda dissertasiya işi yerinə yetirib və 2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda dissertasiya işinin müdafiəsi baş tutub. 2011-ci ilin noyabr ayında AAK-ın qərarına əsasına sənətşünaslıq üzrə fəlsəfə doktoru adı təsdiq olunub.

2010-cu ilin noyabr ayından 2012-ci ilin fevral ayına qədər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də ştatdankənar müəllif kimi fəaliyyət göstərib.

2012-ci ilin mart ayından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müəllimi, 2019-2023-cü illərdə dosent vəzifəsində işləyib.

50-yə yaxın məqalənin, “Yuğ Teatrı və dünya teatr sistemləri” adlı monoqrafiyanın, “Teatrşünaslığın müasir problemləri” adlı dərs vəsaitinin müəllifidir. O, həmçinin Erik Bentlinin “Dramın həyatı” və Hans-Tis Lemanın “Postdramatik teatr” kitablarını Azərbaycan dilinə tərcümə edib.

Hazırda Keyfiyyət təminatı və strateji planlama departamenti, Keyfiyyət təminatı və monitorinq sektorunun müdiri vəzifəsində çalışır.

Əli Hacılı

Hacılı Əli Rövşən oğlu 2015-ci ildə M.Rahim adına 7 nömrəli tam orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin “Teatrşünaslıq” ixtisasına daxil olub. 2019-2021-ci illərdə isə ADMİU-da “Teatr tənqidi” ixtisası üzrə magistr pilləsini bitirib.

2018-ci ildən “Teatro.az” sənət portalının koordinatoru olmaqla yanaşı, 5-ci Beynəlxalq Teatr konfransında iştirakçı, “Boş məkanın dolğunluğu” 2-ci eksperimental tamaşalar festivalında ekspert, “XX əsr teatr tendensiyaları” adlı konfransda məruzəçi, “Teatr tarixində aktyor sənətinin inkişaf tendensiyaları” adlı elmi konfransda məruzəçi, “Türkdilli xalqların teatr ənənələri və müasir teatr dünyasında onların modifikasiya problemləri” mövzusunda beynəlxalq elmi konfransda iştirakçı, “Teatr onlayn” adlı beynəlxalq virtual elmi konfransının koordinatoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən “Pillə” tələbə tamaşaları festivalında təşkilatçı, Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə layihəsi olan “4.4 Qısa Tamaşalar Festivalı”nda layihə meneceri kimi çıxış edib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin keçirdiyi “Daxili keyfiyyət təminatı mexanizmləri”, “Keyfiyyət təminatı”, “Təhsildə davamlı keyfiyyət” kimi bir çox təlim, seminar, konfranslarda təltif olunub.

Beynəlxəq Akkreditasiya Təşkilatının (IAAR) “Qlobal təhsil məkanında transmilli əməkdaşlıq” adlı təlimdə iştirak edərək sertifikatla təltif olunub.

Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Keyfiyyət təminatı və strateji planlama departamenti, Keyfiyyət təminatı və monitorinq sektorunda mütəxəssis vəzifəsində çalışır.

Gülheyran Rəhimova

Rəhimova Gülheyran Həsən qızı uzun illər Bakı Dövlət Universitetində müxtəlif vəzifələridə çalışıb. Akademik bacarığı, tədris təcrübəsi və peşəkarlıq səviyyəsi ilə seçilən G.Rəhimova təhsil islahatları, Bolonya prosesinə və kredit sisteminə keçid, təhsil sistemində baş verən yeniliklər və təhsilimizin dünya standartlarına uyğunlaşması sahəsində bir çox işlər görüb. Belə ki, müxtəlif illərdə “Development of the research abilitirs for High School Teachers”, “Contemporary methods of teaching English language for Academic Purposes”, “The Reformations of the Higher Education” təlimlərində iştirak etmiş, “TAİEX”, “Erasmus + for instant partnership countries” və “Erasmus + Exchange” və s. proqramlarda ölkəmizi təmsil edib.

Təhsilin idarəolunması sahəsində müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və beynəlxalq təcrübəyə malik G.H.Rəhimova hazırda Keyfiyyət təminatı və strateji planlama departamenti, Strateji planlama sektorunun müdiri vəzifəsində çalışır.