Keyfiyyət təminatı və strateji planlama departamenti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elmi Şurasının 12 avqust 2022-ci il tarixli iclasının 3/64 №-li protokolu əsasında yaradılıb.

Keyfiyyət təminatı və strateji planlama departamenti ali təhsil müəssisəsində tədrisin və dəstək xidmətlərinin keyfiyyətinin planlaşdırılması, nəzarəti və davamlı inkişaf funksiyalarını icra edən tələbəyönümlü tədris mühitinin dəstəklənməsi, tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin işlənməsi, tədris prosesi ilə bağlı metodiki materialların keyfiyyətinə, dövlət standartlarının tətbiqinə, eləcə də əlaqəli digər proseslərə nəzarət funksiyalarını yerinə yetirən, birbaşa rektora tabe olan funksional struktur vahididir.

Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Elm haqqında” Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Elm və Təhsil Nazirliyinin əmr, təlimat və Kollegiya Qərarlarını, digər müvafiq qanunvericilik aktlarını, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nizamnaməsini, Strateji İnkişaf planını (SİP), Elmi Şuranın qərarlarını, təhsil, elm və innovasiyalar, inzibat-iqtisadi və sosial fəaliyyət sahələrində mövcud olan müvafiq normativ-hüquqi aktları, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar”ı (ESG), rektorun əmrlərini və əsasnaməni rəhbər tutur. Hazırda Keyfiyyət təminatı və strateji planlama departamentinə Şirinbəy Əliyev rəhbərlik edir.

Əməkdaşlar

Elçin Cəfərov

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Cəfərov Elçin Nadir oğlu 1985-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsində Teatrşünaslıq ixtisası üzrə bakalavr (2003-2007) və magistr (2008-2010) pillələrini fərqlənmə diplomları ilə bitirib. 2006-cı ildən Azərbaycan Dövlət Yuğ Teatrında Bədii dram hissəsinin rəhbəri vəzifəsində çalışır. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi vəzifəsində çalışıb.

2012, 2014, 2016 və 2018-ci illərdə Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Teatr Konfransında teatrşünas kimi iştirak edərək, məruzələrlə çıxış edib.

2014-cü ildə Mədəniyyət Nazirliyinin keçirdiyi “Teatr mövzusunda ilin ən yaxşı məqaləsi” müsabiqəsində 2-ci mükafata layiq görülüb. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin doktoranturasını əla qiymətlərlə bitirərək, “Vaqif İbrahimoğlunun rejissurası və konseptual teatr poetikası” mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb (2019).

2014-cü ildən ADMİU-nun Teatrşünaslıq kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. Hazırda həmin kafedranın dosenti kimi fəaliyyətini davam etdirir. 2018-2019-cu illərdə Universitetdə Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışıb.

Azərbaycanda və ölkə hüdudlarından kənarda keçirilən bir çox konfrans, forum, seminar və müzakirələrdə məruzələrlə çıxış edib. 40-a qədər elmi, 40-dən artıq publisistik məqalənin, 8 tədris proqramının müəllifi, bir neçə kitabın tərtibçisi və redaktorudur.

Azərbaycan Teatr Xadimləri İttifaqının, Beynəlxalq Teatr Tənqidçiləri Assossasiyasının (AICT, IATC) üzvü, Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidentidir.

Mütəmadi şəkildə beynəlxaq tədbirlərdə iştirak edir. 2012-ci ildə Moldovada, 2015-ci ildə Belarusda, 2019-cu ildə Özbəkistanda keçirilən Gənclərin I, II və III Beynəlxalq Teatr Forumlarında, həmçinin 2012, 2013, 2014, 2015, 2018-ci illərdə Tbilisi Beynəlxalq Teatr Festivalında, eləcə də 2012-ci ildə Tbilisidə keçirilən “Senzuradan sonrakı dövrdə postovet məkanı ölkələrinin dramaturgiyası” Tbilisi Beynəlxalq Teatr və Dramaturgiya Forumunda teatrşünas kimi iştirak edib. 2020-ci ildə Qazaxıstanda keçirilən XXIII “Şabıt” Yaradıcı Gənclərin Beynəlxalq Müsabiqəsində jüri kimi çıxış edib.

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının Yaradılması” (ECAR) və “Azərbaycan ali təhsilində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus + layihələrində eskpert kimi iştirak edir.

Teatro.az sənət portalının həmtəsisçisi və şef-redaktorudur.

2021, 2022-ci illərdə Teatro.az sənət portalı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 4.4 Qısa Tamaşalar Festivalının art-direktorudur. Mədəniyyət və İncəsənət Universitetində keçirilən “Pillə” Tələbə Tamaşaları Festivalının təşkilatçısı və münsiflər heyətinin üzvüdür.

Hazırda Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini vəzifəsində çalışır.

Anar Baba-zadə

 Baba-zadə Anar Aydın oğlu 2001-ci ildə Bakı şəhərində anadan olub. 2019-cu ildə 132-134 nömrəli Təhsil Kompleksini bitirib və həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin “Turizm və otelçilik” ixtisası üzrə bakalavr pilləsinə qəbul olub. 2023-cü ildə bakalavr təhsilini başa vuraraq eyni fakültənin “Sosial-mədəni sahələrdə xidmətlərin təşkili” ixtisaslaşması üzrə magistr pilləsinə qəbul olub və 2025-ci ildə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub.

2019–2024-cü illər ərzində bir sıra təşkilatlarda könüllü kimi fəaliyyət göstərib və bu fəaliyyətinə görə sertifikatlarla təltif edilib. Bu təşkilatlar sırasında Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII), Bakı Şəhər Halqası (Formula 1), Bakı Atıcılıq Mərkəzi (Dünya Kuboku), UEFA (Avroliqa) və digərləri yer alır.

2021-ci ildə British Council, ADMİU, Böyük Britaniyanın Kent Universiteti və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Creative Spark” layihəsi çərçivəsində “Müəssisənin yaradılması: Biznes Başlanğıc Səyahəti” adlı sahibkarlıq bacarıqları kursunu uğurla tamamlayıb.

2023-cü ilin fevral–may aylarında bakalavr pilləsi üzrə ixtisas təcrübəsini “Bakı Turizm və Ekskursiya Agentliyi”ndə keçib.

2022–2025-ci illər ərzində bir çox konfrans və seminarlarda məruzəçi qismində çıxış edib, 2 məqaləsi və 1 tezisi dərc olunub.

Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Keyfiyyət təminatı və strateji planlama departamentinin Keyfiyyət təminatı və monitorinq sektorunda mütəxəssis vəzifəsində çalışır.

Cavid Zeynalov

Zeynalov Cavid Firdovsi oğlu 1999-cu il aprelin 8-də Bakı şəhərində anadan olub. 2005–2016-cı illərdə Bakı şəhəri Xətai rayonunda yerləşən Zakir Yusifov adına 194 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin “Teatrşünaslıq” ixtisası üzrə bakalavr pilləsinə qəbul olunub. 2020-ci ildə həmin universiteti əla qiymətlərlə bitirib və “Teatr–tamaşaçı münasibətlərinin sosial-mədəni parametrləri (dünən və bu gün)” adlı buraxılış işini sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimlinin elmi rəhbərliyi ilə müdafiə edib.

2020–2023-cü illərdə Türkiyə Respublikasının Konya şəhərində yerləşən Necmettin Erbakan Universitetinin Sosial və bəşəri elmlər fakültəsində “İctimaiyyətlə əlaqələr və reklam” ixtisası üzrə magistr təhsili alıb. Magistr dissertasiyasının mövzusu “Səhnə sənətində semiotika: teatr afişalarının semiotik təhlili (Rolan Bartın semiotika nəzəriyyəsi əsasında)” olmuşdur. Eyni ildə Selçuk Universitetinin Jurnalistika fakültəsinin “Jurnalistika” ixtisası üzrə doktorantura pilləsinə qəbul olunub. Hazırda həmin universitetin doktorantı kimi təhsilini davam etdirir.

2025-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində saathesabı müəllim olaraq pedaqoji fəaliyyət göstərir. 5 elmi məqalənin, 7 konfrans materialının və 1 kitab fəslinin müəllifidir.

Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Keyfiyyət təminatı və strateji planlama departamentinin Keyfiyyət təminatı və monitorinq sektorunda mütəxəssis vəzifəsində çalışır.

Rəvan Məmmədov

Məmmədov Rəvan Mehman oğlu 1987-ci il martın 7-də Kürdəmir rayonunda anadan olmuşdur. 2004-cü ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Regionşünaslıq (Amerikaşünaslıq) ixtisasına qəbul olmuşdur. 2008-ci ildə bakalavr pilləsini bitirmişdir. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2009-2011-ci illərdə Bakı Dövlət Universitetində həmin ixtisas üzrə magistr təhsili almışdır. 2013-cü ildə Bakı Slavyan Universitetində Siyasi Elmlər üzrə doktorantura pilləsinə qəbul olmuşdur.

2010-cu ildə Bakı Slavyan Universitetində kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 2013-cü ildən həmin universitetdə Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. 2015-2017-ci illərdə həmin fakültədə dekan müavini vəzifəsində çalışmışdır. 2023-2024-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Tədrisin elektron idarə edilməsi və imtahanların təşkili şöbəsinin müdiri olmuşdur. 2024-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Keyfiyyət təminatı və strateji planlama departamentinin Keyfiyyət təminatı və monitorinq sektorunun müdiri vəzifəsində çalışır. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin müəllimidir.