“Pillə 4” Tələbə Tamaşaları Festivalı çərçivəsində keçirilən “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri elan olunub

18 iyun tarixində ADMİU-da “Pillə 4” Tələbə Tamaşaları Festivalının yekunlarına həsr olunmuş tədbir keçirilib. Teatr sənəti fakültəsinin professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə baş tutan tədbirdə dekan Kəmalə Mehdiyeva, Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə, dekan müavini Əli Hacılı, dosent Elçin Cəfərov çıxış edərək, festivalın əhəmiyyətindən danışıblar.

Sonra festival çərçivəsində keçirilən “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri elan olunub. Müsabiqənin nəticələrinə əsasən, Teatr sənəti fakültəsi, Teatrşünaslıq ixtisası üzrə TŞ22 qrupunun tələbəsi Ramilə Abdullazadə “Ölü şəhərin hekayəsi” adlı məqaləsinə görə birinci yerə layiq görülüb. Ən yaxşı yazı müsabiqəsinin qaliblərinin müəyyənləşdirilməsi 10 ballıq sistem üzrə aparılıb. Münsiflər heyəti 5 nominantı qiymətləndirərək yekun nəticəni elan edib.

Digər nominantlar arasında Teatr sənəti fakültəsi, Teatr tənqidi ixtisasının magistratura səviyyəsi üzrə TTM25 qrupunun tələbələri Amin Əhmədzadə – “Xəyanət masasının qurbanı: Hamlet”, Əhməd Mehdiyev – “Opis Musivum və ya festivalın rəng kollajı”, Teatrşünaslıq ixtisası TŞ23 qrupunun tələbəsi Cəfər Rzayev – “Bir ovuc ümid”, TŞ24 qrupunun tələbəsi Lamiyə Zeynalova – “İnsan öz içində kimi öldürür?” məqalələri yer alıb. Məqalələrlə festivalın informasiya tərəfdaşı olan Teatro.az saytında tanış olmaq mümkündür.

Eyni zamanda festivalın təşkilati işlərində fəal iştirakına və xüsusi fərqləndiyinə görə könüllülərdən Teatr sənəti fakültəsi, Teatrşünaslıq ixtisası TŞ22 qrupunun tələbəsi Valeh Ağayev də təltif olunub. Qaliblər pul mükafatı və xatirə hədiyyələri ilə təltif olunublar. Festivalın təşkilatçıları, münsiflər heyəti, gənc ekspertlər və könüllülərə də xüsusi xatirə hədiyyələri təqdim edilib.