ADMİU-nun Beynəlxalq Layihələr və Əcnəbilərlə İş şöbəsi beynəlxalq layihələrin icrası və əcnəbi tələbələrlə əlaqələrin inkişafını təmin edir.
Universitetin xarici siyasətini həyata keçirən əsas struktur kimi ADMİU-nun Beynəlxalq prorektorluğunun tərkibində 2000-ci ildən “Beynəlxalq əlaqələr şöbəsi” fəaliyyətə başlamış, 2015-ci ildən universitetdə təhsil alan əcnəbi tələbələrə nəzarət və onların idarəedilməsi strukturun fəaliyyət istiqamətlərinə daxil olduğu üçün şöbənin adı dəyişdirilərək “Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsi” adı altında fəaliyyət göstərmiş, 2023-cü ildən isə universitetin beynəlxalq arenada layihələr üzrə fəaliyyətlərini nəzərə alaraq “Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsi” adlandırılmışdır. Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsi universitetin fəaliyyət istiqamətinə uyğun olaraq beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması, yerli və xarici müəssisələrlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək müxtəlif layihələrin işlənməsi və icrasını təmin edir. Layihə və qrant sahəsində qabaqcıl yerli və beynəxalq təcrübənin öyrənilməsi, qrant müsabiqə və beynəlxalq layihələrdə universtetin pofessor-müəllim, tələbə, inzibati heyətin məlumatlandırma işinin təşkili, potensialının artırılması, iştiraklarının təmin edilməsi də Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin prioritetlərindən sayılır.
Şöbənin qarşısında duran öhdəliklərdən biri də universiteti, onun struktur bölmələrini, inzibati və akademik heyətini, tələbələrini beynəlxalq layihə və qrantlarda uğurlu iştirakı üçün potensialın artırılması məqsədilə layihələrin idarəedilməsi və digər əlaqəli mövzular üzrə təlimlərin keçirilməsini təşkil etməkdir.
Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsi (bundan sonra – Şöbə adlandırılacaq) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (bundan sonra – Universitet adlandırılacaq) beynəlxalq layihələr və əcnəbilərlə bağlı fəaliyyətini heyata keçirir və vəzifə bölgüsünə görə Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoruna tabedir.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Elm haqqında” Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Elm və Təhsil Nazirliyinin əmr, təlimat və Kollegiya Qərarlarını, digər müvafiq qanunvericilik aktlarını, ADMİU-nun Nizamnaməsini, Elmi Şuranın qərarlarını, təhsil, elm və innovasiyalar, inzibat-iqtisadi və sosial fəaliyyət sahələrində mövcud olan müvafiq normativ-hüquqi aktları, rektorun əmrlərini və Şöbənin Əsasnaməsini rəhbər tutur.
Yuxarıda qeyd olunan vəzifələrlə yanaşı şöbəyə dair elektron bazanın yaradılması, müvafiq məlumatların elektron bazaya daxil edilməsi, bazanın yenilənməsi; universitetdə və universitetdən kənarda keçirilən görüşlərdə, tədbir və ya seminarlarda iştirak, keçirilən tədbirlərin mətbuatda işıqlandırılmasının təşkili prosesini də şöbənin fəaliyyət istiqamətlərindən biri kimi qeyd etmək olar. Hal-hazırda Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimovdur.
Bundan əlavə, ADMİU beynəlxalq proqram və layihələr sahəsində də fəaliyyət göstərir. Belə ki, 2023-cü ildə ADMİU-nun Erasmus+Jean Monnet Modulu çərçivəsində təqdim etdiyi “Avropa İttifaqında incəsənət və siyasətin kəsişməsinin tədqiqi” adlı layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilmişdir. Modul incəsənət və siyasət arasındakı əlaqənin tarixi, mədəni və sosial kontekstlər tərəfindən formalaşan mürəkkəb və çoxşaxəli əlaqələrinə istinad edir. Layihə çərçivəsində ADMİU Avropa İttifaqına üzv dövlətlərin bu əlaqələri araşdırmaq istiqamətində əldə etdikləri unikal təcrübəni öyrənməyi və tədris prosesinə tətbiq etməyi hədəfləyir. Bundan əlavə, modulun tətbiqi tələbələrin tədqiqat bacarıqlarını və tənqidi düşünmə qabiliyyətlərinin inkişafına da töhfə verir. Layihənin koordinatoru Namiq Kərimovdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) və “Azərbaycanın Ali Təhsil Müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi (ENGAGE)” adlı iki Erasmus+ layihəsində tərəfdaşdır. Avropa Komissiyasının Erasmus+ Ali təhsildə Potensialın Gücləndirilməsi Porqramı Çərçivəsində həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransı” layihəsi çərçivəsində universitetimizin rektor və prorektorları tərəfdaş Avropa rektorlar konfranslarının təcrübəsini öyrənmək məqsədilə Fransa, Belçika, İsveç, Litva və İspaniya universitetlərinə səfər etmişlər. Azərbaycanın Ali Təhsil Müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi (ENGAGE) çərçivəsində isə sahibkarlıq fəaliyyətləri, əməkdaşlar innovasiyaların idarə edilməsi, sahibkarlığın kurikuluma inteqrasiyasını gücləndirmək məqsədi ilə Estoniya, İsveç, Portuqaliya, Polşa və İspaniyanın qabaqcıl və prestijli təhsil ocaqlarına səfər ediblər.
Beynəlxalq Layihələr və Əcnəbilərlə İş şöbəsi yarandığın gündən etibarən bir çox Avropa və Türkiyə Universitetləri ilə birgə Erasmus+ KA171 layihələri hazırlamışdır. Eyni zamanda şöbə fəaliyyət planına uyğun olaraq mütəmadi şəkildə Avropa Birliyininə daxil olan dövlətlərin universitetləri ilə tərəfdaşlıq müqavilələri hazırlayaraq Erasmus+ KA2 layihələrində ADMİU-nun iştirakını təmin edir.
Əməkdaşlar
Namiq Kərimov
Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri
Haciyev Emil İntiqam oğlu
Əcnəbi tələbələrlə iş sektorunun müdiri
Haciyev Emil İntiqam oğlu 10-iyun 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 2002-ci ildə 20 nömrəli tam-orta məktəbdə almışdır. 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “İnstrumental ifaçılıq” ixtisasının bakalavr pilləsinə qəbul olmuşdur. Burada təhsil aldığı illərdə Avropanın müxtəlif ölkələrində bir sıra beynəlxalq musiqi festivallarında müxtəlif sertifikatlarla təltif edilmişdir. Bununla yanaşı 2015-ci ildə Macarıstanda keçirilən “Ballaton” musiqi festivalında 2-ci yer tutmuş və 2016-cı ildə Polşada təşkil edilən “Caravan Culture” adlı festivalda 1-ci yerə layiq görülmüşdür. 2022-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər” ixtisasına daxil olmuşdur. 2019-2020-ci illərdə İctimai televiziyada Baş redaktor vəzifəsində çalışmışdır. 2021-2022-ci illərdə Azərbaycan Dövlət Televiziyasında Səs yazma evinin direktor müavini, 2023-2024-cü illərdə isə Bakı Dövlət Universitetinin İdman Mərkəzinin maliyyə şöbəsində baş mütəxəssis vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin Əcnəbi tələbələrlə iş sektorunun müdiri vəzifəsində çalışır.
Aydan Vidadi qızı Salmanova
Əcnəbi tələbələrlə iş sektorunun mütəxəssisi
Aydan Vidadi qızı Salmanova 21 may 1998-ci ildə Şəki rayonu Baş Göynük kəndində anadan olmuşdur. 2015-ci ildə Qafqaz Universitetinin (Bakı Mühəndislik Universiteti) “Pedaqoji” fakültəsinin “Tərcümə” ixtisasına qəbul olmuş və 2020-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ildə “AIESEC Azərbaycan”-nın OGV departamentində Exchange participant manager kimi fəaliyyət göstərərək, ölkəmizdən xaricə könüllülük proqramı üzrə çalışmağa gedən gənclərə dəstək göstərmişdir. 2019-cu ildə dünyaca məşhur Khan Academy onlayn təhsil platformasının yerli dildə lokallaşdırılması məqsədi ilə Khan Academy Azerbaijan-da xarici müəllimlər tərəfindən təşkil edilən riyaziyyat fənni üzrə hazırlanmış video-dərslərin tərcüməsi ilə məşğul olmuşdur. Təhsil aldığı illərdə ölkə üzrə təşkil edilən irimiqyaslı beynəlxalq tədbirlərdə könüllü qismində də iştirak etmişdir. 2019-cu ildə “Baku Business School”-un təşkilatçılığı ilə Türkiyəninin İstanbul şəhərində keçirilən “İstanbul Business Camp” çərçivəsində İstanbul Şehir Üniversitesi, İstanbul Gelişim Üniversitesi, İstanbul Arel Üniversitesi və İstanbul Ayvansaray Üniversitesində “Sahibkarlıq və karyera planlaması” üzrə təşkil edilən təlimlərdə iştirak etmişdir. 2019-2020-ci illərdə Arizona Dövlət Universiteti tərəfindən distant formada təşkil edilən TESOL dərslərini müvəffəqiyyətlə başa vurduğu üçün TESOL sertifikatına layiq görülmüşdür.
2021-2023-cü illərdə ADMİU-nun “Kulturologiya” fakültəsinin “Turizm və otelçilik” ixtisasında magistratura təhsilini almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. ERASMUS+layihələri çərçivəsində həyata keçirilən müxtəlif beynəlxalq təlim kurslarının və mübadilə proqramlarının daimi iştirakçısıdır. Belə ki, o 2022-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində “Script Action for Future Earth”, Gürcüstanın Bakuriani qəsəbəsində “Act for Equality”, Bakı şəhərində “Head Above Water”, “Youth Employability, Entrepreneurship and Youth Community Development”, 2023-cü ildə Almaniyanın Vuppertal şəhərində “You(th) for Youth Strategy” adlı ERASMUS+təlim kurslarında iştirak etmişdir. 2024-cü illərdə Birləşmiş Krallığın maliyyə dəstəyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilmiş “Dayanıqlı İnkişaf Liqası 2024”-də iştirak etmiş və Azərbaycan regionlarında icma əsaslı turizm modelinin tətbiqinə əsaslanan “Heritage and Authentic Rural Magic in Azerbaijani Communities (HARMONY)” adlı layihə təklifi ilə çıxış etmişdir. Həmin ilin iyul ayında Avropa Həmrəylik Korpusu çərçivəsində Stowarzyszenie “Jeden Swiat” Assosiasiyasının təşkilatçılığı ilə Polşanın Poznan şəhərində yerləşən R.Brevinski adına 26 nömrəli məktəbdə “One4all” adlı təhsil layihəsinin həyata keçirilməsində iştirak etmişdir. 2022-2023-cü illərdə ADMİU-nun Sosial-mədəni fəaliyyət kafedrasında laborant vəzifəsində, 2023/2024-cü tədris ilində Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasında müəllim vəzifəsində çalışmışdır. Hal-hazırda ADMİU-nun Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin Əcnəbi tələbələrlə iş sektorunda mütəxəssis vəzifəsində çalışır.