İnstrumental ifaçılıq kafedrasının müdiri

Əməkdar müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

1971-1975-ci illərdə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1975-1980-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb, bəstəkarlıq (prof. C.Hacıyevin sinfi) və musiqi nəzəriyyəsi ixtisasları üzrə fərqlənmə diplomu ilə bitirib. 1975-1999-cu illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda konsertmeyster, nəzəriyyə fənlərindən dərs demişdir. 1992-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1992-2016-cı illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş müəllim, dosent və professor vəzifəsində çalışmışdır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru (1997), dosent (2006), Azərbaycan Respublikasının Prezidentinin əmri ilə Əməkdar müəllim (2011), professor (2012) adlarına layiq görülmüşdür.

2016-2024-cü illlərdə Bakı şəhəri F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin direktoru vəzifəsində çalışmışdır. 2024-cü ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “İnstrumental ifaçılıq” kafedrasında kafedra müdiri kimi fəaliyyət göstərir.

A.Yusifova instrumental, xor, simfonik orkestr üçün iri həcmli, həm də kiçik həcmli əsərlər bəstələmişdir: simfonik orkestr, xor, uşaq xoru və xanəndə üçün “Azərbaycan bayrağı” Kantatası (söz. R.Mirzəyevanındır) (2019-2021), “Milli naxışlar” fortepiano üçün 10 konsert pyesi (1993), İsrail, Rusiya, Gürcüstan, Türkiyə, Hayfa şəhəri (1994-cü il) ilk ifa, tar və fortepiano üçün “Alov” və “Meh gətirdi” fantaziyası, “Paralellər” fortepiano triosu və balaban üçün (2007), “Xəyallarımdakı şəhər” simli kvartet, qoboy, balaban, soprano və fortepiano üçün fantaziya (söz. R.Mirzəyevanındır) 2016-cı il. 2003-cü ildə əsərlərindən ibarət SD və DVD albom buraxılmışdır. 2017-ci ildə Tbilisi şəhərində Gürcüstan Bəstəkarlar İttifaqının dəvətilə müəllif konserti və yaradıcılığına həsr olunmuş konfrans-göruş təşkil edilmişdir. 2020-ci ildə Türkiyənin Afyon Kocatepe Universitesi Devlet Konservaturasının dəvətilə müəllif konserti və görüş, habelə ustad dərsi keçirilmişdir. Həmçinin uşaqlar üçün layihə və tamaşaların musiqi və bədii rəhbəri olmuşdur. A.Yusifova bir sıra kitablar, musiqi əsərləri və dərs vəsaitlərin də müəllifidir: 2012-ci ildə C.Hacıyev- monoqrafiya; 2012-ci ildə F.Əmirova həsr olunmuş “F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi” kitab; 2023-cü ildə “Şuşa-türk xalqlarının mədəniyyət paytaxtı” adlı rəssamlıq kataloqu və s.