Elmi Katib
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Ellada Əlihüseyn qızı Hüseynova 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) musiqi tarixi və nəzəriyyəsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə “Azərbaycan xalq musiqisi rus musiqi xadimlərinin tədqiqatlarında” mövzusunda dissertasiya müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb. 2008-ci ildə dosent elmi adına layiq görülüb.
ADMİU-da əmək fəaliyyətinə 1991-ci ildən “Musiqi fənləri və orkestr dirijorluğu” kafedrasında əvvəl saathesabı müəllim, 1992-ci ildən müəllim, 2001-ci ildən baş müəllim, 2008-ci ildən dosent, 2008-2011-ci illərdə “Musiqişünaslıq” kafedrasının müdiri, 2011-2017-ci illərdə Musiqi sənəti fakültəsinin dekanı, 2017-ci ildən 2022-ci ilə qədər Teatr sənəti fakültəsinin dekanı vəzifələrində çalışıb. 2022-ci ildən universitetin Elmi katibidir.
“Azərbaycan xalq musiqisi rus musiqi xadimlərinin tədqiqatlarında” adlı monoqrafiyanın, 2 metodik tövsiyəsinin, 20-ə yaxın tədris proqramının, 3 metodik göstərişin, 50-ə yaxın məqalənin müəllifi, “Muğam ensiklopediyası”nın tərtibçi-müəlliflərindən biridir. Müdafiə edilmiş 9 fəlsəfə doktorluğu dissertasiyasının rəsmi opponenti olan E.Hüseynova Aida Tağızadənin “Soltan Hacıbəyov”, “Cövdət Hacıyev”, “Azərbaycan dilini öyrənirik”, “İzahlı muğam lüğəti” kitablarının, “Musiqi Dünyası” jurnalının 14 nüsxəsinin, “İlyas Əfəndiyev”, “Teatr: dünən, bu gün, sabah”, “Azərbaycan dilini öyrənirik” kitab və saytlarının redaktorudur.