Müəyyən olunmuş istiqamətlərdə elmi və yaradıcılıq fəaliyyətinin həyata keçirilməsinə nəzarət, doktorantura və dissertantura istiqamətləri üzrə kadr hazırlığının təşkili Şöbənin əsas vəzifələridir.

Şöbə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar haqqında” 04 aprel 1997-ci il tarixli, 198 saylı əmrini rəhbər tutaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rektorunun 30 dekabr 2014-cü il tarixli 115 saylı əmrinə əsasən yaradılmışdır. Rektorun 12 iyul 2023-cü il tarixində 3/73 nömrəli əmri ilə Elm və yaradıcılıq-ifa işləri şöbəsi ləğv edilərək Elm və doktorantura şöbəsi təşkil olunmuşdur.

Universitetin elmi fəaliyyətinin inkişaf etdirilməsi, fundamental elmin inteqrasiyası, intellektual mühitin möhkəmləndirilməsi məqsədilə ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Elm və doktorantura şöbəsinin xüsusi meyarları vardır. Şöbə öz funksiya və vəzifələrinin yerinə yetirilməsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən qanunlara, dövlət idarəçiliyi orqanlarının təsdiq etdiyi normativ-hüquqi sənədlərə, ADMİU-nun Nizamnaməsi və Elmi Şurasının qərarları, rektorun əmr və sərəncamları, o cümlədən, şöbənin Əsasnaməsinə əsaslanır. Universitetin elmi fəaliyyəti aşağıdakı elmi-nəzəri istiqamətlər üzrə, Universitetin fakültələri, kafedraları və digər struktur bölmələri ilə əlaqəli şəkildə həyata keçirilir:

  • 6203.01 İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi
  • 6212.01 Teatr sənəti
  • 6213.01 Musiqi sənəti
  • 6214.01 Kino, tele və digər ekran sənətləri
  • 6215.01 Təsviri sənət
  • 6218.01 Dekorativ tətbiqi sənət
  • 6219.01 Kulturologiya və onun ümumi məsələləri
  • 6220.01 Muzeyşünaslıq

Şöbənin əsas fəaliyyət istiqamətləri:

  • Universitetdə tədris olunan ixtisaslara müvafiq olaraq yuxarıdakı elmi-nəzəri istiqamətlər üzrə tədqiqatların aparılması;
  • Doktorantura və dissertantura istiqamətləri üzrə kadr hazırlığının təşkili;
  • Şöbə nəzdində fəaliyyət göstərən Universitetin “Bədii Şura”, “Elmi-metodiki Şura” və Tələbə Elmi Cəmiyyətinin (TEC) işinin təşkilinə nəzarət;
  • Universitetin professor-müəllim heyətinin elmi-tədqiqat və yaradıcılıq-ifa işlərinin təşkili və koordnasiyası;
  • Elmi tədqiqat və yaradıcılıq-ifa işlərinin tədris prosesinə tətbiqi;
  • “Mədəniyyət dünyası” və “ADMİU-nun elmi əsərləri” adlı elmi-nəzəri məcmuələrin nəşrlərinin təşkili;
  • ADMİU-da plagiat hallarının qarşısının alınmasının məqsədi ilə antiplagiat sisteminin idarə olunması;
  • Hər il mütəmadi olaraq “Mədəniyyət: problemlər və perspektivlər” adlı Doktorant və gənc tədqiqatçıların Beynəlxalq elmi konfransının təşkili və məruzələrin dərc edilməsinin təşkili;
  • Beynəlxalq və respublika səviyyəli elmi-praktiki konfrans və seminarların keçirilməsi.

Şöbənin elmi-tədqiqat işləri üzrə əsas funksiyaları:

  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elmi-tədqiqatlarla bağlı əmr, sərəncam və göstərişlərin həyata keçirilməsinə cavabdehlik;
  • hər il üçün müvafiq olaraq elmi tədqiqat planı işləyib hazırlamaq və təsdiq üçün Elmi şuraya təqdim etmək;
  • kafedralarda müəyyən olunmuş istiqamətlərdə elmi fəaliyyətin həyata keçirilməsinə nəzarət;
  • yüksəkixtisaslı elmi-pedaqoji kadrların elmi fəaliyyətlərini təşkil etmək və həyata keçirmək;
  • universitetin professor-müəllim heyətinin elmi tədqiqat və elmi-metodik işlərinin təşkili və koordinasiyasını təmin etmək;
  • təqdim olunan elmi-tədqiqat işlərinin qəbulu və Elmi-metodiki Şura tərəfindən müzakirə və protokollaşmanın təşkili;
  • təqvim ilinə müvafiq olaraq elmi-tədqiqat işlərinin annotasiyalarının yazılması və təqdim olunmasına nəzarət;
  • növbəti il üçün nəzərdə tutulan elmi-tədqiqat işlərinin mövzularının təsdiq edilməsi üçün Elmi Şuraya təqdim etmək;
  • professor-müəllim heyəti tərəfindən tərtib olunan monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və metodik vəsaitlərin hazırlanmasına, keyfiyyətinin yoxlanılmasına, qriflə təmin olunmasına nəzarət;
  • AMEA İctimai Elmlər Bölməsinin hesabat iclaslarında iştirakı təmin etmək;
  • AMEA Humanitar Elmlər Bölməsinin hesabat iclaslarında iştirakı təmin etmək;
  • elm-tədqiqat işləri üzrə illik hesabat hazırlamaq;
  • Elmi -tədqiqat işləri üzrə yekun illik hesabatların Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müvafiq bazasına təqdim edilməsi;
  • şöbədə saxlanma müddəti bitmiş sənədlərin arxivə təhvil verilməsini təmin etmək.

Şöbənin yaradıcılıq-ifa işləri üzrə əsas funksiyaları:

  • Şöbə nəzdində fəaliyyət göstərən “Bədii Şura”nın işinin təşkilinə nəzarət;
  • tədris ilinin əvvəlində şöbə tərəfindən kafedralara yaradıcılıq-ifa işləri ilə bağlı müvafiq göstərişlərin verilməsi;
  • il ərzində professor-müəllim heyəti tərəfindən hazırlanacaq yaradıcılıq-ifa işlərinin mövzularının planının tərtibinə nəzarət;
  • il ərzində təqdim olunan yaradıcılıq-ifa işlərinin proqram, afişa, dəvətnamələrin hazırlanmasına nəzarət;
  • yaradıcılıq-ifa işlərinin mövzularının təsdiq üçün Elmi Şuraya təqdim olunması;
  • seçilən mövzuların müasirlik və tarixilik baxımından aktuallığına nəzarət etmək;
  • təqdim olunan yaradıcılıq-ifa işlərinin qəbulu, o cümlədən Bədii Şura tərəfindən müzakirə və protokollaşdırılmanın təşkilini təmin etmək.

Şöbənin doktorantura və dissertantura üzrə əsas funksiyaları:

  • 6203.01 İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi
  • 6212.01 Teatr sənəti
  • 6213.01 Musiqi sənəti
  • 6214.01 Kino, tele və digər ekran sənətləri
  • 6215.01 Təsviri sənət
  • 6218.01. Dekorativ tətbiqi sənət istiqamətləri üzrə doktoranturaya qəbul və kadr hazırlığının aparılması işinin təşkili;
  • dissertasiya mövzularının Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasına təsdiq üçün təqdim olunması;
  • doktorantura və dissertantura üzrə illik yekun hesabatların Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müvafiq bazasına təqdim edilməsi;
  • doktorantların (dissertantların) attesstasiyasına nəzarət.

Şöbənin rəhbəri

Səbinə Namazova