Audiovizual Sənətlər Fakültəsinin Dekanı

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Hüseynova Gülnarə Kərim qızı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kütləvi tamaşalar rejissoru ixtisası üzrə təhsil almışdır. 2000-ci ildə ADMİU-nun dissertanturasına daxil olmuş, sənətşünaslıq doktoru, professor Məryam Əlizadənin rəhbərliyi ilə “Anar dramaturgiyasının səhnə təcəssümü” mövzusunda dissertasiya işini 2007-ci ildə müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

1993-cü ildən universitetin Kino-televiziya sənətləri kafedrasında baş laborant, 1995-ci ildən Televiziya rejissoru kafedrasında saathesabı müəllim, 2001-ci ildən tam ştat müəllim olaraq çalışmışdır. “Rejissor və aktyor sənəti”, “Rejissorluğun əsasları”, “Televiziya tarixi və nəzəriyyəsi” və s. ixtisas fənlərini tədris etmişdir. 2018-ildən Kino-televiziya sənətləri kafedrasında baş müəllim, 2022-ci ildən dosent vəzifəsində çalışır. 2021-ci ildən Audiovizual sənətlər fakültəsinin Elmi Şurasının katibidir. 2023-cü ilin fevral ayından may ayının 21-ə kimi Kino-televiziya sənətləri kafedrasının müdiri vəzifəsini icra etmişdir. Hazırda Audiovizual sənətlər fakültəsinin dekanıdır.

Xaricdə və respublikanın müxtəlif nüfuzlu jurnallarında, Beynəlxalq və respublika əhəmiyyətli elmi-nəzəri və praktiki konfransların materiallarında, ümumilikdə 30-dan çox elmi əsəri çap edilmişdir. Bakalavriat təhsil pilləsi üzrə “Rejissorluğun əsasları”, “Təcrübə proqramı”, “İstehsalat təlimi”, “Televiziya tarixi və nəzəriyyəsi” fənn proqramlarının, magistratura təhsil pilləsi üzrə “Təcrübə proqramı”nın müəllifidir.