Kulturologiya fakültəsi ilk dəfə 1959-cu ildən Mədəni-maarif işi adı ilə mütəxəssis hazırlığına başlamışdır.

XX yüzilliyin 90-cı illərinin əvvəllərindən etibarən ADMİU-nun bütün strukturunun, o cümlədən, Mədəni-maarif işi fakültəsinin fəaliyyətində keyfiyyətcə yeni bir mərhələ başlamışdır. İnkişaf, yüksəliş dinamikası ilə seçilən bu mərhələnin nəticəsi kimi 1995-ci ildən fakültənin adı dəyişdirilərək Kulturologiya adlandırılmışdır.

2014-cü ildə ADMİU-nun rektoru vəzifəsinə Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Fərəh Əliyevanın təyin olunması ilə universitetin həyatında yeni mərhələ başlamışdır. Tədrisin təşkilinin səmərə və keyfiyyətini artırmaq məqsədi ilə rektorun 01 oktyabr 2014-cü il tarixli əmri ilə universitetdə struktur dəyişiklikləri həyata keçirilmişdir. Rektorun təşəbbüsü ilə ADMİU-da, eləcə də Kulturologiya fakültəsində yeni ixtisaslar üzrə tələbə qəbuluna başlanılmış, 2015-ci ildən fakültədə “Sosiologiya”, “Sosial iş”, “Turizm və otelçilik” və “Kitabxanaçılıq və informasiya” ixtisasları üzrə tələbə qəbul aparılır.

Son dövrdə ölkədə, xüsusilə sosial sahədə aparılan islahatların davamı olaraq çətin həyat şəraitində olan insanların tələbatlarını müəyyənləşdirmək və onlara sosial yardım göstərmək, həmin şəxslərin sosial xidmətə götürülməsini, sosial müdafiəsini təşkil etmək üçün bir sıra sosial institutlar, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi yaradılmışdır. Göstərilən vəzifələrin həyata keçirilməsi Sosiologiya və Sosial iş sahəsi üzrə kadr hazırlığını zəruri edir. Qeyri-neft sektorunun inkişafı dövlətin qarşısında duran prioritet məsələlərdən biridir və turizm sahəsi bir çox ölkələrin büdcə gəlirlərinin əsas hissəsini təşkil edir. Bu baxımdan, kənd təsərrüfatı ilə yanaşı ölkədə turizmin inkişafına xüsusi önəm verilir. Fakültədə turizm sahəsində yüksəkixtisaslı kadrların hazırlanması həyata keçirilir. Tələbələr tədris prosesində xarici dildə səlis ünsiyyət qurmaq bacarıqlarına yiyələnirlər. Sahə üzrə bronlaşdırma proqramlarını, xarici ölkələrin coğrafiyasını, tarixini və mədəniyyətini öyrənirlər.

Respublikamızda fəaliyyət göstərən kitabxana sistemi müvafiq dövlət siyasəti sayəsində müasir dövrün tələblərinə cavab verəcək şəkildə və informasiya cəmiyyətinə uyğun inkişaf edir. İnformasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunduğu bu sahədə çalışacaq yüksəkixtisaslı mütəxəssis hazırlığında da Kulturologiya fakültəsinin mühüm rolu vardır. Belə ki, hər il bu ixtisası bitirən tələbələrin əksəriyyəti məhz ölkənin müxtəlif kitabxanalarında çalışmağa başlayır.

2018-ci ildən ADMİU-nun rektoru vəzifəsinə təyin olunan sənətşünaslıq elmləri doktoru, professor Ceyran Mahmudovanın təşəbbüsü ilə universitetdə bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığı aparılmağa başlanmışdır ki, həmin ildən ali təhsil pilləsinin daha yüksək səviyyəsi olan magistraturada “Turizm və otelçilik” ixtisasının “Turizmin bələdçisi”, “Sosial və mədəni sahələrdə xidmətin təşkili”, “Sənətşünaslıq” ixtisasının “Mədəniyyətin tarixi”, eləcə də “Sosial iş” ixtisasının “Gənclərlə iş” ixtisaslaşmaları üzrə magistr tələbələrinin qəbulu həyata keçirilmişdir.

Ölkədə turizmin inkişafı bu sahə ilə əlaqədar yeni ixtisas və ixtisaslaşmaların meydana gəlməsini zəruri etmişdir ki, bunlardan biri də 2019-cu ildən Kulturologiya fakültəsində magistr səviyyəsi üzrə kadr hazırlığı aparılan “Turizm və sosial-mədəni servis xidməti” ixtisaslaşmasıdır. 2020-ci ildən fakültədə magistr səviyyəsi üzrə tələbə qəbulu aparılan “Menecment” ixtisasının “Muzey və qalereya”, “Musiqi”, “Kino və televiziya” sahələri üzrə ixtisaslaşmalara 2021-ci ildə “Teatr” sahəsi də əlavə olunmuşdur.

Hazırda fakültədə “Muzey, arxiv işi və abidələrin qorunması”, “Sosiologiya”, “Sosial iş”, “Kitabxanaçılıq və informasiya fəaliyyəti”, “Turizm və otelçilik”, “Turizm bələdçiliyi”, “Turizm işinin təşkili” ixtisasları üzrə bakalavr təhsil səviyyəsində kadr hazırlığı həyata keçirilir.
Magistratura səviyyəsində isə “Muzeyşünaslıq, arxiv və abidələrin qorunması” ixtisasının “Muzeyşünaslıq”, “Arxiv işi və abidəşünaslıq”, “Arxeoloji və tarixi memarlıq abidələrinin qorunması”; “Turizm və otelçilik” ixtisasının “Turizmin bələdçisi”, “Sosial və mədəni sahələrdə xidmətin təşkili”, “Turizm və sosial-mədəni servis xidməti”; “Sənətşünaslıq” ixtisasının “Mədəniyyətin nəzəriyyəsi”, “Mədəniyyətin tarixi”; “Sosial iş” ixtisasının “Gənclərlə iş”; “Menecment” ixtisasının “Muzey və qalereya”, “Musiqi”, “Kino və televiziya”, “Teatr menecmenti” ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılır.

Fakültədə “Muzeyşünaslıq” (kafedra müdiri – pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova), “Sosial-mədəni fəaliyyət” (kafedra müdiri – (fəlsəfə elmləri doktoru, professor Mübariz Süleymanlı), dosent Sevinc Əskərova “Sosial-siyasi elmlər” (kafedra müdiri – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyev), “Turizm və kitabxana-informasiya fəaliyyəti” (kafedra müdiri – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səyavuş Məhişov) kafedraları fəaliyyət göstərir. Fakültədə 2023-2024-cü tədris ilində 709 tələbə,  93 magistrant təhsil almışdır, 70 nəfər professor-müəllim heyəti çalışır. Fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Vasif Musa oğlu Adilovdur. 

 

Dekan

Vasif Adilov

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Ətraflı

Dekan Müavini

Zaur Sultanov