Teatr Sənəti Fakültəsinin Dekan Müavini

 

Əli Rövşən oğlu Hacılı 2015-ci ildə M.Rahim adına 7 nömrəli tam orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr sənəti fakültəsinin “Teatrşünaslıq” ixtisasına qəbul olunub. 2019–2021-ci illərdə “Teatr tənqidi” ixtisası üzrə magistratura təhsilini tamamlayıb.

O, teatrşünaslıq sahəsində həm elmi-tədqiqat, həm də təşkilati fəaliyyətlə fəal şəkildə məşğul olur. 2018-ci ildən “Teatro.az” sənət portalının koordinatoru kimi fəaliyyət göstərir. 5-ci Beynəlxalq Teatr Konfransında məruzə ilə çıxış edib, “Boş məkanın dolğunluğu” II Eksperimental Tamaşalar Festivalında ekspert qismində yer alıb. “XX əsr teatr tendensiyaları”, “Teatr tarixində aktyor sənətinin inkişaf tendensiyaları” və “Türkdilli xalqların teatr ənənələri və müasir teatr dünyasında onların modifikasiya problemləri” kimi konfranslarda məruzələrlə çıxış edib.

Əli Hacılı “Teatr onlayn” beynəlxalq virtual elmi konfransının koordinatoru, “Pillə” tələbə tamaşaları festivalının təşkilatçısı, eləcə də Mədəniyyət Nazirliyi və “Teatro.az” portalının birgə layihəsi olan “4.4 Qısa Tamaşalar Festivalı”nın layihə meneceri kimi müxtəlif mədəni təşəbbüslərdə fəal iştirak göstərib.

O, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Daxili keyfiyyət təminatı mexanizmləri”, “Keyfiyyət təminatı”, “Təhsildə davamlı keyfiyyət” mövzularında keçirilən təlim və seminarlarında, həmçinin Beynəlxalq Akkreditasiya Təşkilatının (IAAR) “Qlobal təhsil məkanında transmilli əməkdaşlıq” adlı təlimində iştirak edib və müvafiq sertifikatlar əldə edib.

2022–2025-ci illər ərzində ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentində baş mütəxəssis vəzifəsində çalışıb. 2024-cü ildən Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrasında müəllim, 2025-ci ildən isə Teatr sənəti fakültəsinin dekan müavini kimi fəaliyyət göstərir.