Beynəlxalq Əlaqələr Üzrə Prorektor

İqtisad üzrə fəlsəfə doktoru, dosent

Nizami Şakir oğlu Əsədov 1983-cü ildə Salyan rayonunda anadan olub. 1989-2000-ci illərdə Salyan rayon Çuxanlı kənd orta məktəbində təhsil alıb. 2004-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində Turizm və sosial-mədəni servis ixtisası üzrə bakalavr, 2006-ci ildə isə magistr səviyyəsi üzrə bitirib. 2005-2015-ci illərdə Bakı Slavyan Universitetində laborant, müəllim, dekan müavini vəzifələrində çalışıb, eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) dövri elmi nəşrlərin siyahısına daxil olan “Elmi-əsərlər (ictimai-siyasi elmlər seriyası)” jurnalının ictimai əsaslarla texniki redaktoru vəzifəsini icra edib. 2010-2014-cü illərdə Bakı Asiya Universiteti, Azərbaycan Turizm və Menecment Universitetində saathesabı müəllim vəzifəsində çalışıb.

2012-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantı olub. 2022-ci ildə “Azərbaycanda nikah və boşanmaların xüsusiyyətləri və tənzimlənməsi” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək AAK-ın qərarı ilə “5313.01 – Demoqrafiya” ixtisasında iqtisad elmləri sahəsi üzrə fəlsəfə doktoru alimlik dərəcəsi əldə edib.

2015-2022-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsinin müdiri, 2022-ci ildə Keyfiyyət Təminatı və Strateji Planlama Departamentinin müdiri vəzifələrində çalışıb. 2023-cü ilin iyul ayında Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin əmri ilə ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub. Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının 0,5 ştat dosenti vəzifəsində də fəaliyyət göstərir.

N.Əsədov elmi-pedaqoji fəaliyyəti dövründə bir çox beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edib. Beynəlxalq layihələrin iştirakçısı, “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində Strateji İnkişaf, Tədris işləri və Keyfiyyət təminatı Komitələrinin üzvüdür. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ekspertidir.