“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının proqramı açıqlandı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının proqramı açıqlanıb.

Festivalın əsas tərəfdaşları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, TEATRO.AZ sənət portalı və SAHIB Perfumery & Cosmetics şirkətidir.

“Pillə 4” Tələbə Tamaşaları Festivalının açılış mərasimi 4 may tarixində, saat 10.00-da ADMİU-nun Kiçik səhnəsində baş tutacaq.   

4-8 may tarixlərini əhatə edən festivalda nümayiş olunacaq 23 tamaşadan 12-si ADMİU-nun, 11-i isə digər ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə hazırlanıb. Festivalın əsas məqsədi tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadları aşkarlamaq, teatr mədəniyyətini təbliğ etmək və ali təhsil müəssisələri arasında yaradıcılıq mühiti formalaşdırmaqdan ibarətdir.

ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı ikinci plan kişi rolu”, “Ən yaxşı ikinci plan qadın rolu”, “Ən yaxşı tələbə-rejissor işi”, “Gənc ekspertlərin mükafatı” nominasiyaları üzrə qaliblərə diplom və mükafatlar təqdim olunacaq. 

Festival 8 may tarixində saat 14.00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrda keçiriləcək bağlanış və mükafatlandırma mərasimi ilə yekunlaşacaq.

“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalı tələbə teatr kollektivləri üçün mühüm yaradıcılıq platforması olmaqla yanaşı, həm də Azərbaycan teatrının gələcəyinə işıq salan bir sənət bayramıdır.


Festivalın proqramını sizə təqdim edirik: