Bütün tədris prosesi kafedranın əməkdaşları tərəfindən çağdaş metodoloji prinsiplərə istinadən hazırlanmış proqramlar, dərs vəsaitləri, metodiki tövsiyələr və dərsliklər əsasında icra edilir.

Zəngin ənənələrə malik olan, müxtəlif adlar altında fəaliyyət göstərən, 2002-ci ildən isə Musiqi tarixi və nəzəriyyəsi kafedrası adlanan quruma yaranan gündən Əməkdar İncəsənət xadimi, professor Nailə Kərimova, sonrakı illərdə Əməkdar İncəsənət xadimi, professor Kamilə Dadaş-zadə (2004–2008) və Əməkdar Mədəniyyət işçisi, dosent Ellada Hüseynova (2008–2011) rəhbərlik etmişlər. 2011-ci ildən etibarən bu günə qədər həmin kafedra professor K.Dadaş-zadənin rəhbərliyi altında fəaliyyət göstərməkdədir. Kafedranın professor-müəllim heyəti “Musiqi sənəti” fakültəsinin bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil alan tələbələrə, həmçinin digər fakültələrin tələbələrinə musiqi-nəzəri və musiqi-tarixi fənləri tədris edir.

Musiqi tarixi və nəzəriyyəsi kafedrası zəngin elmi potensiala malikdir. Kafedrada çalışan əməkdaşların elmi fəaliyyəti Azərbaycan musiqişünaslığının, demək olar ki, əksər istiqamətlərini əhatə edir. Kafedranın müəllimləri etnomusiqişünaslıq, tarixi və nəzəri musiqişünaslıq sahələri üzrə neçə-neçə elmi-tədqiqat əsərini ərsəyə gətirmişdir. Professor Fərəh Əliyevanın “Üzeyir Hacıbəyli – şəxsiyyət və cəmiyyət”, professor Ceyran Mahmudovanın “Emin Sabitoğlu”, professor Nailə Kərimovanın “Azərbaycan teatr musiqisinin təşəkkülü və inkişaf mərhələləri” monoqrafiyası, professor İradə Köçərlinin “Aşıq sənəti: sinkretizm və sintez problemləri”, professor Kamilə Dadaş-zadənin “Üzeyir Hacıbəyli və aşıq sənəti: intertekstual dialoq” (rus dilində), dosent Ellada Hüseynovanın “Azərbaycan xalq musiqisi rus musiqi xadimlərinin tədqiqatlarında”, dosent Güllü İsmayılovanın “Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri” (ingilis dilində) və kafedranın d. əməkdaşlarının monoqrafiya və məqalələrində musiqi tarixinin müxtəlif məqamları musiqişünaslıq rakursundan geniş təhlilə cəlb olunmuşdur. Kafedrada aparılan elmi-tədqiqat işinin mühüm sahəsini fənlərarası istiqamətlərin metodoloji prinsiplərinə istinadən yazılmış elmi əsərlər təşkil edir. Məsələn, K.Dadaş-zadənin “EPOS: Epos Paradiqmaların Olağanüstü Sinerjisi” monoqrafiyasını, P.Axundova-Talıblının “Muğamın inkişaf dramaturgiyasında qeyri-xətti inkişaf dinamikasının rolu” və Ü.Aşurbəyovanın “Bəstəkar Aydın Əzimovun yaradıcılığının semantik aspektləri” mövzusunda fəlsəfə doktoru dərəcəsi almaq üçün təqdim edilən dissertasiyaları çağdaş elmi paradiqmanın metodoloji prinsiplərinin uğurlu tətbiqinin nümunəsi hesab etmək olar.

“Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının təşəbbüsü ilə bir sıra Beynəlxalq və Respublika səviyyəli elmi tədbirlər keçirilmişdir. Artıq 22 ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda Beynəlxalq konfrans təşkil edir. Bu tədbirin fasiləsiz və davamlı xarakter alması konfransın mövzu və məramının böyük aktuallıq kəsb etməsinə dəlalət edir. “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda Beynəlxalq konfrans özünün elmi problematikasının əhəmiyyəti və mövzu dairəsinin genişliyi sayəsində ölkəmizin humanitar həyatında müəyyən mövqe qazanmışdır. Türksoylu xalqların mədəni inteqrasiyası və humanitar elmlər sahəsində qarşılıqlı əməkdaşlığına xidmət edən Beynəlxalq konfransda bu günə kimi bir sıra xarici ölkənin (Türkiyə, ABŞ, Kanada, İngiltərə, Macarıstan, Ukrayna, Rusiya, İran və s.) mütəxəssislərı iştitak etmiş və yüzlərcə məruzə dinlənilmişdir. Elmi məruzələrdə türkdilli xalqların musiqi əlaqələrininin genetik və tipoloji xüsusiyyətləri, ümumtürk musiqi sisteminin metodoloji əsasları, müxtəlif janr səviyyələrində müşahidə edilən qarşılıqlı təsir və mübadilə və s. məsələlər öz əksini tapmışdır.

“Musiqi tarixi və nəzəriyyəsi” kafedrasında etnomusiqişünaslıq sahəsində aparılan araşdırmalar 2021-ci ildə digər mötəbər elmi tədbirin – “Etnomusiqişünaslıq: elmi paradiqmaların kəsişməsində” adlı Beynəlxalq elmi-nəzəri konfransın keçirilməsi üçün də zəmin yaratmışdır. Təsadüfi deyil ki, UNESCO-nun nəzdində fəaliyyət göstərən İCTM-nin (İnternational Council for Traditional Music) 2022-ci ilin yanvar ayında işıq üzü görmüş bülletenində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının təşəbbüsü ilə keçirilən elmi konfranslar haqqında məlumat dərc olunmuşdur.

Təqdirəlayiqdir ki, Musiqi tarixi və nəzəriyyəsi kafedrası tələbələrin dünyagörüşünün genişləndirilməsi və elmi axtarışlara marağının artırılıması məqsədilə artıq 9 ildir ki, “İncəsənət tarixi: XXI əsrdən baxış” mövzusunda silsilə tədbirlər keçirir. Universitetin müxtəlif fakültələrində təhsil alan tələbələrin iştirakı ilə keçirilən bu seminarlar dünya incəsənəti tarixində mövcud olan bədii cərəyan və təmayüllər haqqında daha dolğun təsəvvür əldə etməyə imkan verir.

Professor-müəllim heyətinin tərkibi:

  • Məryəm Babayeva- Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor.
  • İnarə Babayeva – Əməkdar artist, ADMİU-nun dosenti
  • İntiqam Kərimov – baş müəllim
  • Səidə Şərifəliyeva – Əməkdar artist, baş müəllim
  • Nüşabə Hümmətova – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist, ADMİU-nun dosenti
  • Afaq Ağayeva – baş müəllim
  • Rəcəb Zeynalov – müəllim
  • Səid Qəni – saathesabı müəllim
  • Ülkər Aşurbəyova – d/əvəzçi müəllim
  • Fəridə Hüseynova – Əməkdar artist, konsertmeyster
  • Zəhra Parlanova – konsertmeyster
  • Rəcəb Zeynalov – konsertmeyster
  • Nicat Aslanov – konsertmeyster
  • Qumru İmamverdiyeva – laborant, konsertmeyster

Tədris Olunan Fənlər:

Bakalavriat üzrə:

  • Populyar musiqi və caz ifaçılığı
  • Caz ifaçılığının əsasları
  • İxtisasın tədrisi metodikası
  • Caz improvizasiyası
  • Müzikl tarixi
  • Vokal ansamblı
  • Vokal ifaçılığının əsasları
  • Populyar musiqi və caz musiqisinin tarixi və nəzəriyyəsi
  • Xüsusi pedaqoji hazırlıq

Magistratura üzrə:

  • Populyar musiqi və caz ifaçılığı
  • Populyar musiqi və caz ifaçılığının müasir istiqamətləri
  • Ansambl
  • Studiyada iş

Kafedra Rəhbəri

Məryəm Babayeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Ətraflı