Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mövcud olduğu bütün dövrlərdə Kadrlar şöbəsi fəaliyyət göstərmiş, 30 dekabr 2016-cı il tarixindən İnsan resursları adı ilə işini davam etdirir.
Şöbə bilavasitə ADMİU-nun rektoruna tabedir.
İnsan resursları şöbəsi öz fəaliyyətini “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi sənədlər, ADMİU-nun Nizamnaməsi və şöbənin Əsasnaməsinə müvafiq tənzimləyir.
Şöbə universitetin strateji məqsədlərinə, dəyərlərinə və hədəflərinə uyğun kadrların cəlb edilməsi, düzgün seçilib yerləşdirilməsi və həmin kadrların peşəkar inkişaf imkanlarının artırılması, işə qəbul prosesinin müvafiq qaydalara və standartlara uyğun həyata keçirilməsi, əməkdaşların maddi, mənəvi və sosial tələbatlarının ödənilməsi yolu ilə motivasiyalarının yaxşılaşdırılması istiqamətində davamlı və operativ fəaliyyət göstərir. Qanunvericiliyə müvafiq olaraq şəxsi heyətin uçotunu, onlara dair sənədləşməni təşkil edir. Əmək müqaviləsi daxil olmaqla əməkdaşlar haqqında əmrlərin hazırlanıb rəhbərliyə təqdim edilməsini təmin edir. İşçilər haqqında məlumat bazasını formalaşdırır və məlumat bazasının müvafiq elektron proqram vasitəsi ilə rəqəmsallaşdırılması üzrə fəaliyyətini həyata keçirir. Mövcud vəzifələr üzrə təlimatların hazırlanmasında iştirak edir. Tabel uçotu və nizam-intizam qaydalarına nəzarəti həyata keçirir. Şöbənin səlahiyyətlərinə aid məsələlər üzrə universitetə daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır.