Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbər heyəti “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycan Milli Erasmus+ Ofisinin dəstəyi ilə Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti ilə birgə 12-17 dekabr tarixlərində Belçikanın Brüssel şəhərində səfərdədirlər.
Layihə Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Səfər zamanı mühüm görüşlərdən biri dekabrın 13-də Avropa Komissiyasının Avropa Mədəniyyət, Təhsil və Audiovizual Agentliyində baş tutub. Görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələri, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova da olmaqla, ali təhsil müəssisələrinin rektor və prorektorları, həmçinin, digər məsul şəxslər də daxil olmaqla 19 nəfər nümayəndə iştirak edib. EACEA-ya edilən səfərdə qonaqları ilkin olaraq Kommunikasiya sektorunun müdiri cənab Wim Vansteenkiste qarşılayaq onlara qurum haqqında ətraflı məlumat verib.
Görüşün davamında layihə məsləhətçisi xanım Lucia Giannini Ali təhsildə potensialın gücləndirilməsi ilə bağlı geniş nitq söyləyib. Avropa Komissiyasının siyasət üzrə mütəxəssisi xanım Kinga Bereza-Husak isə Erasmus + layihələrinin Azərbaycan üçün əhəmiyyəti, nəzərdə tutulan fəaliyyətlər barədə iştirakçıları məlumatlandırıb.
Davamında tədbir iştirakçılarının sualları ətraflı şəkildə cavablandırılıb.
Sonda Azərbaycan nümayəndə heyəti adından “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsinin meneceri Gülşən Bayramova çıxış edərək maraqlı görüş və müzakirələrə görə təşəkkürünü bildirib.