ELMİ ŞURA
ADMİU-nun Elmi Şurası Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 oktyabr 1997-ci il l saylı “Ali Təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq fəaliyyət göstərir.
Elmi Şuranın tərkibinə Tədris işləri üzrə prorektor (sədr müavini), Elm və yaradıcılıq işləri üzrə, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektorlar, Elmi katib, dekanlar, Həmkarlar Təşkilatının sədri, universitetdə pedaqoji fəaliyyət göstərən görkəmli elm, mədəniyyət və incəsənət xadimləri daxildirlər.
Elmi Şuranın iclaslarında universitetin tədris, elmi-tədqiqat, yaradıcılıq-ifa işlərinin yerinə yetirilməsi barədə hesabatlar dinlənilir. Bundan başqa, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisasının artırılması, təlim-tərbiyə, elm və yaradıcılıq fəaliyyəti ilə bağlı məsələlər, fakültə şuralarının hesabat və qərarları müzakirə edilir.
Bir qayda olaraq ADMİU-nun Elmi Şurasında görkəmli elm və incəsənət xadimlərinin təqdimatında aktual mövzularda maraqlı məruzələr dinlənilir. ADMİU-nun Elmi Şurasının iclaslarında dövlət əhəmiyyətli mövzular ətrafında da fikir mübadiləsi aparılır. Elmi Şura professor və dosent elmi adları ilə bağlı təqdimatları təsdiq edir. Son beş ildə ADMİU-nun Elmi Şurasının təqdimatı ilə ali məktəbdə pedaqoji fəaliyyət göstərən bir çox görkəmli elm və sənət adamları müxtəlif elmi adlara layiq görülmüşlər. ADMİU-nun Elmi Şurası professor-müəllim heyətinin hazırladığı elmi əsərləri - monoqrafiyaları, dərslik və dərs vəsaitlərini, metodiki vasitələri, fənn proqramlarını təsdiq edir. Boloniya sistemi əsasında universitetdə keçirilən islahatların reallaşdırılmasında Elmi Şuranın rolu böyükdür. Bu qurum Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyəti tərəfindən «Alimlik dərəcələri və elmi adlar verilməsi qaydaları», «Dissertasiya Şuraları haqqında» və «Ekspert Şuraları haqqında» Əsasnamələri və bir sıra digər təlimat xarakterli sənədləri əsas tutaraq universitetdə elmi-pedaqoji kadrların attestasiyasını təşkil edir.