2016-cı ilin 28 oktyabr tarixində İçərişəhərdəki “Abşeron” Rəsm Qalereyasında “Bu-Ta”-nıdım sərgisi açıldı. Sərginin sponsoru Azərbaycan Respublikasının Gənclər Fondu, təşəbbüsçüsü və layihə rəhbəri isə ADMİU-nun (Dövlət Mədəniyyət və İncəsənət Universiteti) 4-cü kurs tələbəsi Orxan Məmmədovdur.
Sərgidə Bakının müxtəlif ali təhsil ocaqlarında oxuyan 30 yaradıcı gəncin əlliyə yaxın əsəri nümayiş etdirilirdi. Bu eksponatlar bədii qrafika və rəngkarlıq nümunələrindən, bədii tikmələrdən, sair tətbiqi sənət növlərindən ibarət idi. Bədii məziyyətlərinə görə peşəkar incəsənət təhsili alan tələbələrin işlərini həvəskar müəlliflərin əsərlərindən ayırmaq çətin olurdu. Xüsusi maraq doğuran eksponatlar sırasında Gülnar Ağayevanın və Məhəmməd Mustafayevin bədii tikmələrini (“təkəlduz” texnikası), Ləman Məmmədovanın “Bahar yuxusu” və “Butalarla fiqurlar” qrafik kompozisiyalarını, Müjgan Məhərrəmlinin xalça rəsmləri daha çox fərqləndilər.
Nümayiş etdirlən bütün kompozisiyalar milli naxışlarımızın ən sevilən detalı olan buta əsasında qurulmuşdu. Ekspozisiya bütövlükdə göstərdi ki, yaradıcı gənclərimiz qarşıya qoyulan bədii tapşırıqları uğurla yerinə yetirməyə qadirdirlər.
Tədbirdə iştirak edən Azərbaycan Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin sədri, Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev, Xalq rəssamı Xanlar Əhmədov, YAP Gənclər Birliyinin sədr müavini və ofis müdiri Əli Pənahov, ADMİU-nun müəllimi Fəzail Misginli milli incəsənətimizin davamlı inkişafında və gənclərin estetik tərbiyəsində Gəncər Fondunun bu kimi layihələrinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdilər.