Oktyabr ayının 6-8-i Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən 11-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2017” sərgisində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti yüksək səviyyədə təmsil olunub. “İnsan kapitalı sərvətimizdir” devizi altında keçirilən sərgidə ADMİU-nun rektoru professor Fərəh Əliyeva təhsil naziri Mikayıl Cabbarova Universitetin xüsusi dizaynla hazırlanmış stendi, orada nümayiş olunan bukletlər, qurulmuş kompozisiya, eləcə də universitetdə tədris olunan ixtisaslar, yeniliklər haqqında məlumat verib.
ADMİU-nun stendi ziyarətçilər tərəfindən çox böyük maraqla qarşılanıb. Belə ki, o bütün incəsənət sahələrini əks etdirən maraqlı rəsm əsərindən ibarət olub. Platformaya yaxınlaşanlar ADMİU-da bütün ixtisasları - aktyorluq, rejissorluq,operatorluq, musiqi, rəssamlığı əks etdirən –tələbələrdən qurulmuş kompozisiyanı, ekranda Universitetdəki təhsili, asudə vaxtı, tanınmış müəllimlərin dərslərini və s əks olunanyeni promo-videonu izləyir, təhsil ocağının fəaliyyəti əks olunan bukletlərlə (az. və ing. dillərində) yaxından tanış olur, Universitetin müəllimləri onları maraqlandıran suallara ətraflı şəkildə məlumat verirdilər. Onu da qeyd edək ki, hər kəsin marağına səbəb olan platformadakı xüsusilə sərgi üçün hazırlanmış rəsm əsəri əks olunan stendlərin müəllifi Universitetin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Vüqar Əlidir. Universitetin fəaliyyətini özündə tamlıqla əks etdirən promo-videonu isə Universitetin müəllimi Hüseyn Cavadzadə məxsusi olaraq sərgi üçün hazırlayıb.
Təhsil sərgisinin lektorium bölməsində ADMİU-nun müəllimi Pərviz Məmmədrzayevin seminarı təşkil olunmuşdur. Sərginin musiqi bölməsində Universitetin tələbələrinin ifasında milli musiqimiz və estrada musiqi nümunələri səsləndirilmiş, Musiqi fakültəsinin tələbəsi Məlik Məmmədovun ifası isə xüsusi coşqu ilə qarşılanmışdır.
ADMİU sərgidə iştirakına və ən maraqlı stend (the most interesting stand) sertifikatı ilə təltif olunub.