Tanınmış rejissorun ADMİU-nun “Heydər Əliyev: Mədəniyyət və İncəsənət Məktəbi”ndə “Kino-televiziya sənətləri” kafedrasının müdiri professor Rafiq Quliyevin bələdçiliyi ilə ustad dərsi keçirilib. Kino və televiziya, Teatr sənəti fakültələrinin müxtəlif kurs tələbələrinin və Universitetin professor-müəllim heyətinin iştirak etdiyi dərsdə əvvəlcə Audrius Stonis tələbələrə özü haqqında - sənədli film sahəsində nə zamandan çalışdığı, fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Tanınmış rejissor poetik kino üslubu və ümumiyyətlə ekran dilinin təkamülü və s. haqqında çəkdiyi filmlərin timsalında başa salıb.
O qeyd edib ki, informasiya operativ şəkildə ötürülməlidir, bədii fikrin vizual formalarını axtarıb təsvir vasitəsi ilə danışmağı öyrənməliyik, sənədli filmin fəlsəfə dünyası çox genişdir, o dünyanın estetik tərəflərini, həyatın gerçəkliyini, bədii tərəflərini açıqlama potensialına malikdir. Ustad dərsində rejissorun “Korların dünyası”, “Göy zəminin üzəri ilə uçuş” və başqa filmləri nümayiş olunub.
Müzakirə, fikir mübadiləsi formasında keçən görüşdə rejissor tələbələri maraqlandıran sualları cavablandırıb, onları “CinemaPlus Azerbaijan” kinoteatrında “Qadın və buzlaq” adlı filimini izləməyə dəvət edib. Qeyd edib ki, beynəlxalq festivallar iştirakçısı olan bu filmin çəkilişləri Qazaxıstanda aparılıb və ömrünün 32 ilini buzlaqlara həsr edən litvalı alim qadının həyatından bəhs edir.