Rafiq Quliyev,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor
Rafiq Səfər oğlu Quliyev 1957-ci ildə Bakı şəhərində anadan olub.
1974-1981-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsində kütləvi tamaşalar rejissoru ixtisası üzrə təhsil alıb.
1974-cü ildən Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının sənədli filmlər birliyində operator asisstenti, sonra isə studiyanın istehsal etdiyi bədii filmlərdə ikinci operator vəzifələrində çalışıb. Kinooperator sənətinin sirlərinə dərindən yiyələnmək məqsədilə 1982-ci ildə Moskvada S.Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinin əyani şöbəsinə, V.V.Monaxov və V.D.Naxabtsevin emalatxanasına daxil olub və 1987-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1987-ci ildən «Azərbaycanfilm» kinostudiyasında bədii filmlərin quruluşçu kinooperatoru vəzifəsində çalışır. Taarifikasiya komissiyası tərəfindən bədii filmlərin ali dərəcəli quruluşçu kinooperatoru dərəcəsinə layiq görülüb.
Kinostudiyada yaradıcı fəaliyyətini davam etdirmək şərtilə 1999-2001-ci illərdə Türkiyənin STV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışıb və Azərbaycanla bağlı obyektiv informasiyanı Avropa və Asiya ölkələrinə çatdıran «Xəzərdən dünyaya» verilişinin yaradıcısı olub.
2001-ci ildə «MEDİA HOLDİNQ» şirkətinin «Lider» televiziyasında «Azərbaycan» redaksiyasını yaradıb. 2001-2004-cü illər ərzində rəhbərlik etdiyi qurumda 237 televiziya filminin istehsalını təşkil edib, onlarla filmə rejissor və operator kimi quruluş verib. Müxtəlif illərdə Beynəlxalq festivalların müsabiqə proqramlarında iştirak etmiş və önəmli mükafatlar almış, münsiflər heyətinin üzvü və sədri olmuş kinorejissor-operator Rafiq Quliyev 20-dən artıq bədii, 40-a yaxın sənədli film üzərində çalışıb. 250-dən artıq televiziya layihəsinin yaradıcısıdır. 2005-ci ildə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.
Rafiq Quliyev 1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kino və televiziya rejissoru» kafedrasında kinooperatorluq ixitisası üzrə pedaqoji fəaliyyətlə məşğuldur. Onlarla elmi əsərin, dərslik və dərs vəsaitinin müəllifidir. 2006-cı ildə dosent, 2016-cı ildə professor elmi dərəcəsinə layiq görülüb. 2008-ci ildə «Azərbaycan səssiz kinosunun təsvir irsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2015-cı ildən «Kino-televiziya sənətləri» kafedrasının müdiridir.