Universitetin aparıcı fakültələrindən olan "Musiqi sənəti" fakültəsi 25.08.2001-ci il tarixdən yaradılmışdır.

Müstəqil fakültə kimi formalaşanadək o universitetin özü qədər şərəfli bir yol keçmişdir. Musiqi təhsilinin bünövrəsi hələ bu tədris ocağının təşəkkül dövründə qoyulmuşdur. Belə ki, hələ texnikum kimi fəaliyyət göstərərkən burada hərtərəfli yaradıcılıq qabiliyyətinə malik aktyor, rejissor və teatrşünasların yetişdirilməsi məqsədilə tədris planında musiqi fənlərinin keçirilməsinə də böyük diqqət yetirilir, “Musiqi tarixi” və “Teatrda musiqi” fənləri tədris olunurdu.

1962-ci il institutun həyatında əlamətdar bir tarixə çevrilir. Belə ki, həmən il institutda bir çox yeni açılmış ixtisaslar siyahısına “Musiqili komediya aktyoru” ixtisası da əlavə olunur və institutun musiqi təhsilinin inkişafında yeni mərhələ başlanır. Tədris olunan musiqi fənlərinin sayı artır, Musiqi nəzəriyyəsi, Solfecio, Fortepiano, Vokal, Vokal ansamblı kimi fənlərlə zənginləşir. Bu o demək idi ki, artıq burada musiqi fənləri professional səviyyədə tədris olunur. O vaxtdan institutun məzunları opera teatrında, dövlət xor kapellasında bir mütəxəssis kimi fəaliyyətlərini davam etdirmək fürsəti əldə edirlər. 1967-ci ildən “Musiqi fənləri” kafedrası yaradılır. Kafedranın rəhbərliyi istedadlı pianoçu, sənətşünaslıq namizədi Gülarə Əliyevaya həvalə olunur.

O dövrdə bir çox musiqi xadimləri bu qocaman tədris ocağında çalışaraq mədəniyyət işçilərinin böyük bir nəslini yetişdirmişlər. Görkəmli Azərbaycan dirijoru, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Niyazi, xalq artistləri, bəstəkarlar – Hacı Xanməmmədov, Şəfiqə Axundova, müğənnilər – Rəhilə Cabbarova, Qulu Əsgərov, Lütfüyar İmanov, Milovanov, musiqişünaslar – Danil Danilov, Nailə Kərimova və başqaları burada uzun müddət fəaliyyət göstərmişlər.

Azərbaycanın bir çox tanınmış musiqiçiləri məhz bu universitetin yetirmələridir. Görkəmli xanəndələr-xalq artistləri İslam Rzayev, Canəli Əkbərov, Arif Babayev, Alim Qasımov, Səkinə İsmayılova, Mələkxanım Eyubova, müğənnilər – Zümrüd Məmmədova, Ağadadaş Ağayev, Azər Zeynalov, bəstəkar Vaqif Gərayzadə, estrada müğənniləri – Brilyant Dadaşova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva və başqaları məhz bu tədris ocağında təhsil almışlar.

1987-ci ildən universitetdə həyata keçirilən ciddi islahatlat nəticəsində vaxtı ilə 9 ixtisası olan təhsil ocağına müxtəlif profilli bir çox yeni ixtisaslar – “İnstrumental ifaçılıq”, “Estrada”, “Muğam” və ali təhsil müəssisəsində ilk dəfə olaraq “Aşıq sənəti” ixtisasları açılır.

Yeni ixtisasların meydana gəlməsi artıq universitetin yüksək ixtisaslı müəllim potensialına malik olmasına və musiqi tədrisi sahəsində böyük təcrübə əldə etməsinə dəlalət edirdi. Bu da öz növbəsində 2001-ci ildən etibarən bu ixtisasların müstəqil kafedralar kimi fəaliyyət göstərмəsinə və 2001-ci ildə “Musiqi sənəti” fakültəsinin yaradılmasına rəvac verir. 2011-ci ildən “Aşıq sənəti” kafedrası da fəaliyyət göstərməyə başlayır.

“Musiqi sənəti” fакültəsində beynəlxalq əlaqələrin inkişafına da böyük diqqət yetirilir. Bu mənada fakültənin müəllimlərinin müxtəlif xarici ölkələrdə milli musiqişünaslıq elmini və musiqisini təmsil etmək yolunda atdıqları addımları xüsusilə qeyd etmək lazımdır.

Fakültənin beynəlxalq əlaqələrinin inkişafı yolunda apardığı tədbirlər siyahısına xarici musiqişünas alimlərin tez-tez seminarlara dəvət olunmasını da qeyd etmək lazımdır.

“Musiqi sənəti” fakültəsində türk tələbələrinin tədrisi prosesinə xüsusi diqqət yetirilir. Dekanlıq bununla yanaşı onların peşəkar ifaçlar kimi püxtələşməsinə də xüsusi diqqət ayırır. 10 ildən artıqdır ki, ənənəvi xarakter almış “Türksoy xalqlarının musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda elmi-praktiki konfranslar keçirilir.

“Musiqi sənəti” fakültəsi yaranan gündən ona görkəmli tarzən Vamiq Məmmədəliyev, 2011-ci ildən 2017-ci ilə qədər Ellada Əlihüseyn qızı Hüseynova, 2017-ci ildən 2018-ci ilə qədər Ceyran Mahmudova, 2018-ci ildən 2020-ci ilə qədər Nərmin Qaralova, 2020-ci ildən isə İradə Xəlilova rəhbərlik edir.

Dekan

İradə Xəlilova

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Ətraflı

Dekan Müavini

Mehriban Qasımova

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Ətraflı