Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin arxada qoyduğu 100 illik yola nəzər saldıqda belə qənaətə gəlmək olar ki, bu təkrarsız tədris və sənət məbədinin inkişafı prosesində, yaradıcılıq ixtisaslarının tələbələrə çatdırılmasında musiqi sahəsinə xüsusi önəm verilirdi. Bu ənənənin yaranması Türk teatr məktəbinin əsasını qoymuş ilk peşəkar Azərbaycan qadın opera müğənnisi, SSRİ xalq artisti Şövkət Məmmədovanın adı ilə bağlıdır. Hərtərəfli yaradıcılıq imkanlarına malik aktyor kadrlarının hazırlanması məqsədilə yenicə əsası qoyulan Türk teatr məktəbinin ilk rəhbəri Ş.Məmmədova o dövrdə Bakıda fəaliyyət göstərən görkəmli sənət ustalarını və məşhur pedaqoqları (Fatma Muxtarova, Boris Karaqiçev və d.) öz biliklərini tələbələrlə bölüşmək üçün tədris prosesinə cəlb etmişdi. Sonrakı illərdə müxtəlif adlar altında fəaliyyət göstərən bu məktəbdə musiqi tədrisi və metodikası sahəsində duran vəzifələri yerinə yetirmək məqsədilə Cahangir Cahangirov, Niyazi, Şəfiqə Axundova, Gülarə Əliyeva, Aleksandr Milovanov, Rəhilə Cabbarova, Əhməd İsazadə, Danil Danilov, Nailə Kərimova, Qulu Əsgərov, Lütfiyar İmanov, Hacı Xanməmmədov, Solmaz Qasımova və d. tanınmış musiqiçilər çalışmışlar. Səciyyəvidir ki, 1968-ci ildən M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu adını daşıyan tədris müəssisəsində fəaliyyət göstərən 14 kafedra arasında “Musiqi fənləri” və “Vokal” kafedraları da var idi. “Musiqi fənləri” kafedrasına 20 il ərzində (1967 – 1987) Respublikanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Gülarə Əliyeva rəhbərlik etmişdir. 1987-ci ildən kafedraya rəhbərlik Respublikanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Nailə Kərimovaya həvalə olunmuşdur.

Humanitar təhsilin inkişafı istiqamətində aparılan islahatlar nəticəsində 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Xalq çalğı alətləri orkestrinin rəhbəri” ixtisası təsis edilir. Bu istiqamətdə əldə olunan müsbət nəticələr 1997-ci ildə yeni bir qurum – “Musiqi fənləri və xalq çalğl alətləri” kafedrasının yaranmasına təkan verir.

Azərbaycan Mədənidyyət və İncəsənət Universitetində musiqi təhsilinin davamlı inkişafı 2001-ci ildə “Musiqi sənəti” fakültəsinin təsis edilməsi üçün zəmin yaratdı. Fakültəyə müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Xalq artisti, professor Vamiq Məmmədəliyev (2001 – 2011), sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ellada Hüseynova (2011 – 2017), sənətşünaslıq doktoru, professor Ceyran Mahmudova (2017 – 2018), sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərmin Qaralova (2018 – 2021) rəhbərlik etmişdir. 2021-ci ildən bu vəzifəni sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İradə Xəlilova icra edir. “Musiqi sənəti” fakültəsi yaranandan bu günə kimi dekan müavini vəzifəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehriban Qasımova çalışır.

Səciyyəvidir ki, fakültədə Azərbaycan musiqi mədəniyyətinin zəngin panoraması bütün rəngarəngliyi ilə təmsil olunmuşdur. “Musiqi sənəti” fakültəsində “Estrada və populyar musiqi ifaçısı”, “Xanəndə”, “Aşıq”, “İnstrumental ifaçılıq” (fortepiano, violin, viola, gitara, klarnet, saksofon, fleyta, zərb alətləri), “Musiqişünas”, “Xalq çalğı alətləri iafçılığı” (tar, kamança, qanun, balaban, nağara) ixtisasları üzrə kadrlar yetişdirilir.

2022-2023-ci tədris ilində fakültədə altı kafedra fəaliyyət göstərməkdədir: Musiqi tarixi və nəzəriyyəsi, İnstrumental ifaçılıq, Xalq çalğı alətləri ifaçılığı, Muğam sənəti, Estrada sənəti, Aşıq sənəti kafedraları. Fakültədə İnstrumental ifaçılıq, Xalq çalğı alətləri ifaçılığı, Populyar musiqi və caz ifaçılığı, Xanəndəlik, Aşıq sənəti, Musiqişünaslıq, Musiqi müəllimi ixtisasları üzrə təhsil aparılır. “Musiqi sənəti” fakültəsinin professor-müəllim heyətinin tərkibində 8 Xalq artisti, 15 Əməkdar artist, 3 Əməkdar incəsənət xadimi, 4 Əməkdar mədəniyyət işçisi, 7 Əməkdar müəllim, 2 sənətşünslıq doktoru, 27 sənətşünaslıq üzrə fəlsəfə doktoru çalışır.

Dekan

İradə Xəlilova

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Ətraflı

Dekan müavini

Mehriban Qasımova

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Ətraflı