İyunun 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və İrəli İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri, uşaq inkişafı və sosial iş üzrə mütəxəssis, pedaqoq, Avropa Şurasında uşaq və ailə məsələləri üzrə ekspert Ceyran Rəhmətullayevanın sosial iş tələbələri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva tələbələri və iştirakçıları salamlayaraq sosial işin önəmindən, gələcək perspektivlərindən, universitetdəki tədris metodikasından danışıb.
Daha sonra söz Ceyran Rəhmətullayevaya verilib. İlk növbədə sosial işin tarixi inkişafı haqqında danışan ekspert sosial işin yaranmasını şərtləndirən səbəbləri iştirakçıların nəzərinə çatdırıb. Eyni zamanda, sosial işin Azərbayacandakı inkişaf tendensiyasından söz açan Ceyran xanım sosial sahədə görülən işlərin önəmini vurğulayıb. O, həmçinin, Sosial işin beynəlxalq arenada mövqeyi haqqında, eləcə də Azərbaycan Respublikasının uşaq və qadınların eyni zamanda insan hüquqlarının qorunması sahəsində ratifikasiya edilmiş konversiyalardan danışıb. Ekspert çıxışında BMT-nin Uşaq Hüquqları Komitəsinin(CRC), BMT-nin qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması üzrə CEDAW Komitəsinin, Avropa Şurasının CDENF Uşaq Hüquqları Rəhbər Komitəsinin fəaliyyətindən, eləcə də Lanzarot Konvensiyasının, Avropa Sosial Xartiyasının, CEDAW Konversiyasının Azərbaycanda işləmə mexanizmləri və önəmindən söz açıb.
Sonda görüş iştirakçıların suallarının cavablanması ilə başa çatıb.