İyunun 19-da Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, professor Azər Dadaşovun Ulu öndər Heydər Əliyevə həsr olunmuş əsərlərindən ibarət konsert və yeni not nəşrlərinin təqdimatı keçirilib.
Tədbiri Xalq artisti, YUNESKO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə açaraq Azər Dadaşovun yaradıcılığını yüksək qiymətləndirərək, onun Ulu öndər Heydər Əliyevə ithaf etdiyi bir sıra əsərlərinin bu tədbirdə səsləndiriləcəyini qeyd edib. Bəstəkarın simfonik janrda çox məhsuldar yaradıcılığını xüsusi vurğulayaraq məhz 16 simfoniyanın müəllifi olduğunu deyib.
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Azər Dadaşovun yaradıcılığında Heydər Əliyev obrazı” adlı mövzu ilə çıxış edib.
Tədbirdə bəstəkarın xor və fortepiano üçün yazılmış “Heydər atamız”, “Qarabağ bayatıları”, “Bir millət, iki dövlət”, “Vətənim var”, Violin və fortepiano üçün “Poema-ithaf”, “Ariya” pyesləri, “Adajietto və Skertsino”, “Noktürn və Tokkato”, “Aliluyya və Skertso”, fortepiano üçün “Gilavar” və “Ümidim”, ilk dəfə müəllifin ifasında “Serenada” lirik pyesi səsləndirilib. Konsertdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Xəzər” və İncəsənət Gimnaziyasının “Harmoniya” birləşmiş Tələbə Xoru (Xormeyster: Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifova) da çıxış edib.
Tədbir Azər Dadaşovun Ümummiilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş 16 saylı “Vətən oğlu” Simfoniyasının Finalının video variantda nümayişi və yeni not əsərlərinin təqdimatı ilə başa çatıb.