Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində “Elmi-tədqiqat işləri” mövzusunda məlumatlandırma günü təşkil edilib.
ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu ilə icra edilir və Erasmus+ proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı yaratmaqla universitetlər və bütün digər maraqlı tərəflər arasında milli şəbəkələşməni və əməkdaşlığı inkişaf etdirməkdir.
Layihə tərəfindən tərəfdaş Avropa rektorlar konfranslarının təcrübəsini öyrənəmək məqsədi ilə təlimlər təşkil olunur.
27 fevral – 3 mart 2023-cü il tarixlərində İsveçin Stokholm şəhərində KTH Kral Texnologiya İnstitutunun təşkilatçılığı ilə “Elmi-tədqiqat işləri” mövzusunda təlim və seminarlarda iştirak etmiş layihənin “Tədqiqat və innovasiyalar” üzrə komitəsinin üzvü, ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva səfərdə əldə etdiyi təcrübə və məlumatları universitetin akademik və inzibati heyəti ilə bölüşüb.
S.Əliyeva tədbirdə çıxış edərək, Avropa universitetlərində elm məsələləri, universitetlərin elmi nəticələrinin beynəlxalq reytinqlərinə təsiri, KTH Kral Texnologiya İnstitutu tarixi, strukturu və təhsil sistemi, professor-müəllim heyətinin peşə təcrübəsi, elmi tədqiqatların aparılması və onların maliyyələşdirilməsinə dəstək barədə ətraflı danışıb.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.