Azərbaycan Respublikasının Xalq yazıçısı, Əməkdar jurnalist, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı, filologiya üzrə fəlsəfə doktoru Elmira Axundova yeni nəşr olunmuş kitablarını ADMİU-ya hədiyyə edib. Universitetin Kitabxana-informasiya Mərkəzində oxucuların istifadəsinə verilən ilk kitab “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” adlanır. Kitabda xalqımızın tarixində müstəsna yeri olan iki parlaq şəxsiyyətin – Zərifə və Heydər Əliyevlərin boya-başa çatdıqları ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən söhbət açılır. Əsər “Xarakterlərin formalaşması (1940-cı illər - 1950-ci illərin əvvəlləri)”, “Sevmək haqqı”, “Əks-kəşfiyyatçının şəxsi həyatı”, “Ordinatorluqdan akademikliyə”, “Lider”, “Respublika rəhbərinin xanımının gündəlik həyatı”, “Qalstuksuz Heydər Əliyev (XX əsrin 70-ci illəri)”, “Moskva həyatı (7 saylı hökumət bağının divarları arxasında)”, “O, əzablarını sona qədər gizlətdi...”, “Ölümə qalib gələn məhəbbət” adlı bölmələrdən ibarətdir. Kitab TEAS Press nəşriyyatında 2023-cü ildə çap olunub.
Elmira Axundovanın “Mexriban Aliyeva. Missiya dobra vıpolnima” (“Mehriban Əliyeva. Xeyirxahlıq yerinə yetirilən missiyadır”) miniatür kitabı rus dilində çap edilib və oxucuların xeyli marağını səbəb olub. Bu nəşr görkəmli şəxsiyyət – Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya həsr olunmuş ilk kitabdır. Nəşrdə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə müəllifin Azərbaycan və xarici media vasitələrində nəşr etdirdiyi məqalələri toplanıb. Kitabdakı bütün məqalələrin ana xəttini sadə vətəndaşların etimadını qazanmış, kömək üçün ona müraciət edən hər kəsin probleminə qayğı ilə yanaşan, həssaslığı və insanpərvərliyi ilə seçilən Mehriban Əliyevaya ümumxalq sevgisi təşkil edir. Məqalələrdə Mehriban xanımın İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycan xalqının mədəniyyəti və incəsənətinin dünyada tanıdılmasında böyük xidmətlərindən, onun rəhbərliyi ilə ölkədə qlobal miqyaslı idman və mədəniyyət tədbirlərinin uğurla keçirilməsindən, dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələrdən bəhs olunur. Miniatür kitab “İndiqo” nəşriyyatı tərəfindən 2019-cu ildə 100 nüsxədə çap edilib. 60×70 mm ölçüdə, 412 səhifədən ibarət nəşr 105 rəngli fotoşəkillə illüstrasiya olunub. Fotoşəkillər müəllifə AZƏRTAC tərəfindən təqdim edilib.
Müəllifin son nəşrlərindən olan “Literaturnıe stranstva: Vremya...Syüjetı...Mısli...” (“Ədəbi gəzintilər: Zaman... Süjetlər... Düşüncə...”) kitabında hər biri bir insan taleyinə işıq salan, maraqlı və cəlbedici üslubda qələmə alınmış portret-oçerklər toplanıb. Kitabdakı məqalə və oçerklərdə ədəbiyyat, elm, mədəniyyət sahəsində fəaliyyət göstərmiş, bu gün də ön səflərdə olan müxtəlif insanların biri-birindən maraqlı və görümlü portretləri yaradılıb. Həmin “söz tablolarını” birləşdirən ümumi mənəvi-psixoloji cəhət – əgər bir kəlmə ilə ifadə etmək lazım gəlsə, qədirbilənlik adlandırıla bilər. Nəşrdə tanınmış qələm adamları İsmayıl Şıxlı, Anar, Elçin, Vidadi Babanlı, Məmməd Oruc, Vilayət Quliyev haqqındakı məqalələri və portret ştrixləri ədəbi duyumun həssaslığı, ədəbiyyatın borc və vəzifələrinə baxış prinsipiallığı ilə seçilir. Bu oçerklərdə diqqəti cəlb edən başqa bir mühüm cəhət isə onun məşğulluğuna və məşhurluğuna baxmayaraq, ədəbi həyatın gündəlik qayğıları ilə yaşamağı bacarmasıdır.