İyulun 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 2022-2023-cü tədris ilinə olan son Elmi Şura iclası keçirilib.
Ənənəvi olaraq bu dəfə də iclas son Elmi Şura iclasından keçən vaxt ərzində yubileyi qeyd olunan əməkdaşların təbrik edilməsi ilə başlayıb.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova Xalq artisti professor Oqtay Mirqasımovu həm 80 illik yubileyi, həm də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təltif olunduğu “İstiqlal” ordeni münasibəti ilə təbrik edib, onun kimi korifey sənətkarın rəhbəri olduğu ali təhsil müəssisəsində çalışmasından sonsuz qürur hissi keçirdiyini vurğulayıb.
Həmçinin, rektor C.Mahmudova Əməkdar İncəsənət Xadimi professor Cəmil Quliyevi 60, Audiovizual sənətlər fakültəsi Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Leylaxanım Qurbanovanı 70 illik yubileyi münasibətləri ilə təbrik edib, hər üç yubilyara uzun ömür, can sağlığı, pedaqoji fəaliyyətlərində uğurlar arzu edib.
İclasda Universitetin rektoru professor Ceyran Mahmudova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ADMİU-nun 100 illik yubileyi ilə bağlı sərəncamını oxuyub, belə bir mühüm sərəncama görə bütün kollektivin minnətdarlığını bildirib.
Daha sonra iclas gündəlikdəki məsələlər və tədris ilinin sonuna dair hesabatlarla davam edib.