İyulun 11-də Türkiyənin İstanbul Nişantaşı Universitetinin nümayəndələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olublar.
Qonaqları salamlayan ADMİU-nun rektoru professor Ceyran Mahmudova onları rəhbəri olduğu ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib. Bu il 100 illik yubileyini qeyd edən ADMİU-nun hər zaman beynəlxalq əlaqələrə önəm verdiyini, xüsusən Türkiyənin bir sıra universitetləri ilə qarşılıqlı əməkdaşlıqlarının mövcud olduğunu diqqətə çatdırıb.
Görüşə onlayn şəkildə qatılan Nişantaşı Universitetinin rektoru professor Şenay Yalçın dəfələrlə Azərbaycanda olduğunu və Azərbaycanı çox sevdiyini bildirib, qardaş ölkənin aparıcı ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə qarşılıqlı əməkdaşlığın yaranmasından məmnunluğunu vurğulayıb.
Rektor qeyd edib ki, İstanbul Nişantaşı Universiteti “Is This The Real?” (Bu gerçəkdirmi?) film festivalı çərçivəsində qonaq ölkə olaraq Azərbaycanı seçib.
Festivalın əsas məqsədi dost və qardaş ölkə Azərbaycanın kino sənətinin kinosevərlərə tanıdılması, yeni filmlərin dəyərləndirilməsi və Azərbaycan kino tarixi, kino sənəti haqqında məlumatların Türkiyə auditoriyasına çatdırılmasıdır.
Bu mənada İstanbul Nişantaşı Universiteti və ADMİU-nun birgə keçirəcəyi beynəlxalq festival Azərbaycan kinosunu təbliği baxımından mühüm hadisədir.
Festivalda ADMİU-nun professor-müəllim heyəti və tələbələri aktiv iştirak edəcəklər. Mütəxəssislərimizdən biri festivalın münsifər heyətində təmsil olunacaq. Bununla yanaşı, ADMİU-nun Audiovizual sənətlər fakültəsinin əməkdaşları Nişantaşı Universietinin tələbələri üçün ustad dərsi, seminarlar və vörkşoplar keçirəcək. Festivalda, həmçinin, Azərbaycanı təmsil edən filmlərin nümayişi də nəzərdə tutulub.
Bu əməkdaşlığın yaxın gələcəkdə birgə həyata keçiriləcək önəmli işlərin, layihələrin təməli olduğunu deyən Ş.Yalçın iki universitetin əlaqələrinin qardaş ölkələrin mədəni əlaqələrinin genişlənməyində də faydalı olacağına inandığını əlavə edib.
Daha sonra iki universitet arasında Əməkdaşlıq memorandumu imzalanıb.