Sentyabrın 15-də yeni dərs ilinin başlaması və “Bilik Günü” ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himniylə başlanan tədbirdə universitetin professor-müəllim heyəti, tanınmış sənət nümayəndələri, tələbələr və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözüylə açan universitetin rektoru, professor Ceyran Mahmudova tələbələri və müəllimləri yeni tədris ili münasibətiylə təbrik edib və uğurlar arzulayıb.
2023-cü ilin həm universitetimiz, həm də ölkəmiz üçün əlamətdar olduğunu vurğulayan xanım rektor bu il həm Ümummilli Lider Heydər Əliyevin, həm də ADMİU-nun 100 illik yubileylərinin qeyd olunduğunu xatırladıb. C.Mahmudova “Heydər Əliyev İli"ndə universitetin 100 illik yubileyinin keçirilməsi ilə bağlı cənab Prezidentin müvafiq sərəncamından bəhs edərək bu sərəncamın həm sevindirici, qürurverici, həm də məsuliyyətli olduğunu bildirib. Belə bir əlamətdar ildə ADMİU ailəsinin üzvü olan birinci kursları və bütün tələbələri təbrik edən rektor onların təhsil müddətində burada mədəniyyətimizin, incəsənətimizin incəliklərini dərindən öyrənəcəklərinə və gələcəkdə ölkəmizə yararlı mütəxəssis kimi yetişəcəklərinə inandığını vurğulayıb.
ADMİU-nun tədris işləri üzrə prorektoru Nigar Rüstəmova, ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nizami Əsədov, kafedra müdiri, Əməkdar İncəsənət Xadimi Əli Əmirli, kafedra müdiri, professor Xaləddin Sofiyev və başqaları çıxış edərək tələbələri ilk dərs günü münasibətiylə təbrik edib, uğurlar arzulayıblar.
Daha sonra rektor C.Mahmudova Universitetin III korpusunda da tələbələri salamlayıb, onlara uğurlar arzu edib.
Burada keçirilən tədbirdə ADMİU-nun Elmi işlər üzrə prorektoru Sədaqət Əliyeva, Kulturologiya fakültəsinin dekanı Vasif Adilov, “Musiqi sənəti” fakültəsinin dekanı İradə Xəlilova, “Musiqi sənəti” fakültəsinin kafedra müdirləri Teyyub Aslanov, Samirə Əliyeva, Məryəm Babayeva, Xalq artistləri Vamiq Məmmədəliyev, Zamiq Əliyev və başqaları çıxış edərək ölkənin əsas yaradıcı təhsil ocaqlarından biri olan Mədəniyyət və İncəsənət Universitetini seçən birinci kursları təbrik edib, onlara təhsillərində və gələcək yaradıcılıq yollarında uğurlar diləyiblər.