Sentyabrın 27-də ADMİU nəzdində Humanitar Kollecdə Anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə kollec rəhbərliyi və əməkdaşları, eləcə də kollecin şəhid olmuş tələbələrinin ailə üzvləri iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutu ilə yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni kollecin xor kollektivinin ifasında səsləndirilib.
Sonra kollecin 6 şəhidinin görüntülərini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə Kollecin Tədris işləri direktor müavini Kamran Məsimov və Talıb Zülfiyev çıxış edərək qeyd ediblər ki, Azərbaycanın qəhrəman oğulları 44 gündə elə bir zəfər tarixi yazdılar ki, xalqımızın qüdrətini bir daha sübut etdilər: “Biz də kollec olaraq bütün şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi bu gün də hörmətlə anırıq".
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2 dekabr 2020-ci il tarixində Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə Sərəncam imzalanıb. Anım günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, vətənimizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş, milli qürurumuzu qanları bahasına geri qazanmış əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir.
Bildirilib ki, 44 gün davam hərbi əməliyyatlar nəticəsində 8 noyabrın 2020-ci il tarixində rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi torpaqlarımızı işğaldan azad etdi. Həmçinin, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən keçirilən "antiterror əməliyyatı" nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunub.
Tədbirin bədii hissəsində II kurs tələbəsi Zaur Əzimli "Gəl ağlama" (mus.: Oqtay Rəcəbov, söz: Ramiz Rövşən) mahnısını ifa edib.
Bədii yaradıcılıq ixtisası tələbələrinin iştirakı ilə Samir Qulamovun "Bir nəfəs qədər" əsərindən bir hissə nümayiş etdirilib.