Oktyabrın 11-də Heydər Əliyev Mərkəzində “Şuşa - Türk Dünyasının Mədəniyyət Paytaxtı 2023” ili çərçivəsində III "Korkut Ata" Türk Dünyası Film Festivalının bağlanış mərasimi olub.
Mərasimdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, rəsmi şəxslər, Türk dünyasının tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər.
Tədbirdən əvvəl Arzu Əliyeva Mərkəzdə milli geyimlər və Azərbaycanın klassik və müasir filmlərinin posterləri olan sərgi ilə tanış olub.
Sonra mərasimdə dörd gün davam edən festivala həsr olunan videoçarx nümayiş olunub.
TÜRKSOY-un Baş katibi Sultan Raev çıxış edərək festival barədə təəssüratlarını bölüşüb. O, III “Korkut Ata” Türk Dünyası Film Festivalının Türk dünyası filmlərini tanıtmaq üçün böyük bir fürsət olduğunu bildirib: “Bu festivala gələcəkdə də dəstək olmağa davam edəcəyik”.
Sultan Raev çıxışının sonunda TÜRKSOY-un xüsusi mükafatını Xalq artisti Fəxrəddin Manafova təqdim edib.
Münsiflər heyətinin sədri, ADMİU-nun professoru, Xalq artisti Vaqif Mustafayev festivalın əhəmiyyətindən bəhs edib.
Daha sonra sənədli və bədii filmlər müsabiqəsi üzrə münsiflər heyəti qonaqlara təqdim olunub.
Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə ADMİU-nun Audiovizual sənətlər fakültəsinin dosenti, Xalq artisti Həmidə Ömərova, professor, Xalq artisti Oqtay Mirqasımov fəxri mükafatlarla təltif olunublar.
Həmçinin, ADMİU-nun Audiovizual sənətlər fakültəsinin müəllimi, Bakı Media Mərkəzinin baş prodüseri Fariz Əhmədovun rejissoru olduğu "Sonuncu" filmi festivalın “Ən yaxşı sənədli film” nominasiyasında 1-ci və əsas mükafata layiq görülüb.