Oktyabrın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Oğuzların görüşü” mövzusunda Türk dünyası mədəniyyət, incəsənət, ədəbiyyat və təhsil seminarı keçirilib.
Əvvəlcə tədbirdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, Azərbaycanın və Türkiyənin bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Seminarı giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova 2023-cü ilin xalqımız və Türk dünyası, Türkiyə Cümhuriyyəti üçün əlamətdar hadisələrlə zəngin olduğunu söyləyib, ölkəmizdə və xaricdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirildiyini qeyd edib. Rektor il ərzində ADMİU-da da Ümummilli Liderin yubileyi ilə bağlı silsilə tədbirlərin həyata keçirildiyini və hazırda davam etdirildiyini bildirib.
“Bu il, həmçinin ADMİU-nun 100 illik yubileyi qeyd olunur”,- deyən C.Mahmudova bununla bağlı ölkə Prezidentinin müvafiq Sərəncam imzaladığını xatırladıb.
Bu il həm də Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi olduğunu xatırladan və iki ölkənin qardaşlıq münasibətlərindən söz açan rektor Türkiyə Cümhuriyyətinin hər zaman xalqımızın və dövlətimizin yanında olduğunu, böyük dəstək göstərdiyini, ADMİU-nun da qardaş ölkənin bir sıra ali məktəbləri ilə əməkdaşlıq etdiyini bildirib.
Tədbirdə Türkiyənin “Kızılelma” Qadın Gənclik Uşaq Dərnəyinin rəhbəri Yasemin Meydan, Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək bütün qonaqları salamlayıb, Türk dünyasının sarsılmaz birliyindən bəhs ediblər.
T.Rüstəmxanlı çıxışında bu günlərin tarixi önəmini vurğulayıb: “Türkiyə-Azərbaycan qardaşlığının ən zirvədə olduğu bir tarixə şahidlik edirik. Türkiyə və Azərbaycan, Türk dünyası və oğuzlar bir çatı altında araya gələrək çalışma başlamışıq. Oktyabr çox önəmli tarixlərin baş verdiyi aydır. Ümummilli lider Heydər Əliyevin yüz illik yubileyidir.
Türkiyə Cümhuriyyətinin yüz illiyidir. Bu tədbir iki böyük şəxsiyyət Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsinə həsr edilib.
Oktyabr ayı həm də ona görə dəyərlidir ki, müstəqilliyimizi bərpa etmişik. Son iki ildə ölkəmizdə baş verən hadisələrə, böyük bir tarixə şahidlik edirik. Azərbaycan milləti Qarabağ torpağını azad etdi, Xankəndiyə bayrağımız sancıldı. Azərbaycan xalqı böyük bir zəfər qazanmış millətdir.
Bu günlər bizim üçün çox müqəddəsdir. Övladlarımızın çiyinlərinə ağır yük buraxmadan tariximizin ən şərəfli səhifələrini yazırıq. Bu tədbir Türkiyə-Azərbaycan qardaşlığını göstərir".
Çıxışdan sonra “Bir millət, iki dövlət” adlı videoçarx nümayiş olunub.
Daha sonra müzakirələr başlayıb.
Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının aparıcılığı ilə I Masa “Oğzu türklərində Mədəniyyət və İncəsənət” mövzusuna həsr olunub.
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dünya tarixində yeri və rolundan, ölkələrimiz arasında günü-gündən daha da güclənən dostluq və qardaşlıq münasibətlərdən, Türk dünyasının birliyindən, oğuz türklərinin ortaq mədəniyyətindən, mənəvi dəyərlərindən söz açıblar.
Daha sonra qonaqlardan Nurcan Dəvəci, professor İsa Eliri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türkiyə Cümhuriyyəti üzrə nümayəndəsi Nuri Aksu, professor Mehmet Tekin məruzələrlə çıxış ediblər.
Çıxışçılar böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladıb, bu birliyin, dostluğun, qardaşlığın əbədi və sarsılmaz olduğunu, tarixi köklərə bağlı olduğunu qeyd edib, elmi seminarın əhəmiyyətini vurğulayıblar.
T.Rüstəmxanlının aparıcılığı ilə “Oğuzların ədəbi görüşü” mövzusundakı ikinci dəyirmi masada türkiyəli professorlar Mehmet Yüce, Hayrettin İvgin, şair Əkbər Qoşalı, ADPU nəzdində Azərbaycan Pedoqoji kollecinin tədris işləri üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Məhbubə Məmmədova və ADMİU-nun kafedra müdiri, professor, Əməkdar İncəsənət Xadimi Əli Əmirlinin mövzu ilə bağlı məruzələri dinlənilib.
Musiqili proqramdan sonra “Türk dünyasında təhsil və sosial elmlər” mövzusunda üçüncü- sonuncu dəyirmi masa öz işinə başlayıb. Statistika üzrə mütəxəssis Ahmet Gülün aparıcılığı ilə keçən dəyirmi masada ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva, Avropa Şurasının nəzdində CARP-PRAT təşkilatının Direktorlar Şurasının üzvü, dosent Məlahət Fərəcova, ADMİU-nun kafedra müdiri, professor Xaləddin Sofiyev, ADMİU-nun müəllimi Tərlan Rəsulov və Qazi Universitetinin doktorantı Mətanət Mustafayeva məruzələrlə çıxış ediblər.