ADMİU ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ MÜNASİBƏTİLƏ KEÇİRİLƏN BEYNƏLXALQ TƏDBİRDƏ
ADMİU ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ MÜNASİBƏTİLƏ KEÇİRİLƏN BEYNƏLXALQ TƏDBİRDƏ
28.10.2023
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi ADA Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitab, elm və mədəniyyət bayramı olan beynəlxalq tədbirdə iştirak edib. Oktyabr ayının 25-27 tarixlərində keçirilən tədbirdə “Fədakarlıq, liderlik və ilham dolu əsrin təntənəsi” mövzusunda kitab sərgisi təşkil olunub. Tədbirin açılışnda ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, Kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva iştirak edib. Beynəlxalq kitab sərgisində Ulu öndərin mədəniyyət siyasətini əks etdirən nəşrlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində xalqımızın əzmkar qələbəsi və şəhidlərimizin ölməz xatirəsindən bəhs edən kitablar, eləcə də Heydər Əliyev Fondunun incəsənətimizin təbliği sahəsində çap etdirdiyi nəfis tərtibatlı çap və elektron nəşrlər ADMİU-nun stendində ziyarətçilərin diqqətinə çatdırılıb. Ölkəmizin bir çox universitet kitabxanalarının, yerli və xarici nəşriyyatların, o cümlədən kitab mağazalarının təmsil olunduğu kitab sərgisində mədəniyyət və incəsənətə dair dəyərli sənəd-informasiya resursları ziyarətçilərin diqqətini cəlb edib. Bu il 100 illik yubileyi tamam olan ADMİU-nun zəngin fəaliyyət istiqaməti, tarixi ənənələri və müasir rəqəmsal kitabxana platforması haqqında tədbir iştirakçılarına ətraflı məlumat çatdırılıb. Gənc nəslin elmi-intellektual, mədəni ünsiyyət və geniş informasiya mübadiləsi şəraitində davam edən tədbirdə ADMİU-nun Kulturologiya fakültəsinin Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasında təhsil alan tələbələri də iştirak edib.