Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbəsi 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibi olub.
Festivalın noyabrın 15-də keçirilən bağlanış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyidir.
Qeyd edək ki, festivala 78 ölkədən 704 film göndərilmişdi.
Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, “Asiya istedadları” və Yerli müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.
Belə ki, beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, “Asiya istedadları”nda 17 film, yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulmuşdu.
Sözügedən festivalda ADMİU-nun Kino operator sənəti ixtisasının IV kurs tələbəsi Məmmədəmin Əlizadənin rejissoru olduğu “Pianist” filmi “Ən yaxşı tələbə filmi” seçilib. ADMİU-nun məzunu Kürçaylı Məmmədovun “Sabahın xeyir, Sübh anası” filmi isə festivalın ən yaxşı sənədli filmi elan olunub.