Noyabrın 24-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə millət vəkilləri, müxtəlif təşkilatların təmsilçiləri, hər iki universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.
Konsertdən öncə BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev çıxış edərək Mədəniyyət və İncəsənət Universitetinin kollektivini 100 illik yubiley münasibəti ilə təbrik edib, onları rəhbərlik etdiyi universitetdə görməkdən məmnunluğunu dilə gətirib. ADMİU-nun gələcək fəaliyyətində uğurlar arzulayan rektor iki universitet arasındakı dostluq münasibətindən və işgüzar əlaqələrdən danışıb, bu dostluğun gələcəkdə də davamlı olacağına inandığını vurğulayıb.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova çıxışında qonaqpərvərliyə görə BSU rəhbərliyinə, şəxsən rektor Anar Nağıyevə təşəkkürünü bildirib, 100 illik yubileylə bağlı görülən işlərdən danışıb. Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı cənab Prezidentin müvafiq sərəncamını xatırlayan xanım rektor bu sərəncamın kollektivi çox sevindirdiyini və böyük məsuliyyət olduğunu qeyd edib.
C.Mahmudova Mədəniyyət və İncəsənət Universitetinin bu 100 ildə Azərbaycan incəsənətinə saysız-hesabsız sənətkarlar bəxş etdiyini deyib, onlar və ümumən universitetin tarixi haqqında yeni nəşrlərin hazırlandığını diqqətə çatdırıb.
Çıxışının sonunda hər iki rektor tərəfindən xatirə hədiyyələri təqdim edilib.
Daha sonra tədbir iştirakçıları ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsertə tamaşa ediblər.
Konsert ADMİU-nun tələbələrdən ibarət Xalq çalğı alətləri orkestrinin (bədii rəhbər və baş dirijor: Respublika və Beynəlxalq müsabiqələr laureatı, ADMİU-nun baş müəllimi Mustafa Aşurov) ifası ilə başlayıb.
Konsertdə “Xəzər” tələbə xor kollektivi (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova), Xalq çalğı alətləri ansamblı (bədii rəhbər: Əməkdar artist Əliağa Sədiyev), Xalq artisti Teyyub Aslanov, Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Zakir Əliyev, Əməkdar Mədəniyyət işçisi Samirə Əliyeva, ADMİU-nun müəllimləri Səxavət Məmmədov, İsmayıl Zülfüqarov, tələbələr Əvəzxan Əzizov, Gülyaz Həsənzadə, Cahangir Əliyev, Mütəllim Mütəllimov, Elmira Atapour, Ləman Rəhimova, Aygün Mehmanlı, Əsmər Fətullayeva, Gülxanım Əhmədova, magistrantlar Sərvər Yılmaz, Almaxanım Əhmədli, Cəlil Bəşirli, məzun Aytac Fərəcovanın ifasında səslənən musiqi nömrələri tamaşaçıların zövqünü oxşayıb.
Həmçinin, Bakı Slavyan Universitetinin foyesində ADMİU-nun Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.