Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədrisdə innovasiyalar üzrə müşaviri professor Validə Məmmədova və Keyfiyyət təminatı və Strateji planlama departamentinin müdir müavini dosent Elçin Cəfərov Qazaxıstanın Astana şəhərində Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) təşkilatçılığı ilə keçirilən “Təhsildə keyfiyyət təminatı: VII Mərkəzi Asiya Beynəlxalq Forumu”nda iştirak ediblər. Beynəlxalq tədbir “Təhsildə davamlı gələcək - keyfiyyət və rəqabətqabiliyyətlilik: tarixi perspektiv, reallıqlar və prioritetlər” mövzusuna həsr olunub.
İki gün davam edən beynəlxalq tədbirdə “Təhsilin davamlı gələcəyi - keyfiyyət və rəqabətlilik: reallıqlar və prioritetlər”, “Təhsil sisteminin inkişafında qlobal dəyişikliklər və trendlər”, “Rəqəmsal transformasiya kontekstində elm, təhsil model və texnologiyalarının inkişafı”, “Tibb təhsilində keyfiyyət təminatı: elm və təcrübənin inteqrasiyası” və digər mövzular müzakirə olunub.
Professor Validə Məmmədova forum çərçivəsində “Təhsil sisteminin inkişafında qlobal dəyişikliklər və trendlər”, dosent Elçin Cəfərov isə “Təhsildə davamlı gələcək - keyfiyyət və rəqabətqabiliyyətlilik: tarixi perspektiv, reallıqlar və prioritetlər” mövzusunda panel müzakirələrə qatılıb.
Müzakirə iştirakçıları tərəfindən müasir ali təhsil ocaqlarına investorların cəlb edilməsinin zəruriliyi, tədris proqramlarının yaşadığımız dövr üçün deyil, məhz gələcək üçün tərtibatının vacibliyi, tədris proqramı hazırlığında maraqlı tərəflərin gözardı edilməməsi, əksər ölkələrdə sənayenin təhsili qabaqlaması səbəbindən sosial problemlərin yaranması, XXI əsrdə texniki ixtisas proqramlarının yalnız 2-5 il ərzində tələblərə cavab verməsi, 2050-ci ilə qədər rəqəmsallaşma nəticəsində mövcud ixtisaslardan təxminən yarısının faydalılığını itirəcəyi qənaətinə gəlinib.
Beynəlxalq forumda Türkiyə, Qazaxıstan, Belçika, Hindistan, Malayziya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Moldova və digər ölkələrin ali təhsil müəssisələrinin, müvafiq nazirliklərin rəhbər heyəti və məsul əməkdaşları təmsil olunublar.
Həmçinin forumda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Keyfiyyət təminatı və strateji planlama departamentinin müdiri dosent Şirinbəy Əliyev, mütəxəssis Əli Hacılı da onlayn qaydada təlimlərə qatılıblar.
Forumun sonunda Universitetin əməkdaşları sertifikata layiq görülüblər.
Tədbirdən sonra professor Validə Məmmədova və dosent Elçin Cəfərov Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) rəhbər heyəti ilə görüşüb və cari ildə nəzərdə tutulan ADMİU-nun beynəlxalq proqram akkreditasiyası ilə bağlı müzakirə aparıblar.