Dekabrın 4-də Bakı Dövlət Universitetində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, hər iki universitetin rəhbərliyi, incəsənət xadimləri, tələbələr və media mənsubları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev ADMİU-nun kollektivini yubiley münasibəti ilə təbrik edib, onlara uğurlar arzu edib: "ADMİU-nun yubileyi müxtəlif yerlərdə, müxtəlif tərtibatlarda qeyd olunur. Başqa cür ola da bilməzdi. Çünki bu universitet mədəniyyətin fərqli istiqamətlərini böyük məharətlə özündə birləşdirir".
Cənab Prezidentin ADMİU-nun 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı müvafiq sərəncamını xatırladan rektor bildirib ki, bu 100 il ərzində Mədəniyyət və İncəsənət Universiteti Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərini bütün dünyada tanıdan sənətkarlar ordusu yetişdirib və yetişdirməyə davam edir.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova çıxışında bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının Azərbaycanın aparıcı universiteti Bakı Dövlət Universitetində yubiley tədbirinin keçirilməsi çox şərəfli və sevindirici hadisədir. 2023-cü illin yubileylər ili olduğunu xatırladan xanım rektor belə bir əlamətdar ildə Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin də qeyd edilməsinin önəmindən danışıb.
Səmimi qonaqpərvərliyə və isti münasibətə görə rektor Elçin Babayev başda olmaqla, BDU-nun kollektivini təbrik edən C.Mahmudova iki universitet arasında bu cür görüşlərin çox olmasını arzu edib.
Çıxışlardan sonra hər iki universitet rəhbərləri tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Daha sonra ADMİU-nun "Xəzər" tələbə xor kollektivinin (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova, müşayiət: Aydan Vəzirova) ifası ilə Musiqi sənəti fakültəsinin hazırladığı konsert proqramı öz işinə başlayıb.
Davamında ADMİU-nun tələbələrdən ibarət Xalq çalğı alətləri orkestri (bədii rəhbər və baş dirijor: Respublika və Beynəlxalq müsabiqələr laureatı, ADMİU-nun baş müəllimi Mustafa Aşurov),
Xalq artistləri Simarə İmanova, Mələkxanım Eyubova, Teyyub Aslanov, Gülyaz Məmmədova, ADMİU-nun müəllimləri Səxavət Məmmədov (müşayiət Aygün Səfərzadə), Fariz Baxşəliyev,
tələbələr Xəyal Niftalıyev, Mütəllim Mütəllimov,
magistranlar Sərvər Yılmaz, Bəxtiyar Quliyev, Məlik Məmmədov, məzun Aytac Fərəcova bir-birindən maraqlı musiqi nömrələri ilə tamaşaçılara xoş anlar bəxş ediblər.
İfaçıları ADMİU-nun Xalq çalğı alətləri ansamblı (bədii rəhbər: Əməkdar artist Əliağa Sədiyev) və Xalq çalğı alətləri orkestri müşayiət edib.
Həmçinin, BDU-nun foyesində ADMİU-nun Rəssamlıq fakültəsinin hazırladığı sərgi nümayiş olunub.