Hörmətli müəllimlər, əməkdaşlar!
Əziz tələbələr və məzunlar!
Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram!
Böyük fəxrdir ki, Ümummilli Lider, Ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan və azərbaycançılıq məfkurəsinin təcəssümü olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin yenilməz qüdrəti, rəşadətli ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində 30 ildən sonra suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş, şanlı bayrağı Xankəndində dalğalanan qalib ölkə kimi qeyd edirik.
Əziz ADMİU ailəsi!
Son günlərini yaşamaqda olduğumuz 2023-cü il həm ölkəmiz, həm də universitetimiz üçün çox əlamətdar və mühüm hadisələrlə yadda qaldı.
Bu ili yubileylər ili adlandırsaq, yerinə düşər. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə "Heydər Əliyev İli" adlandırılan bu ildə cənab Prezident İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20, Azərbaycanın peşəkar milli teatrının 150, ölkəmizin ilk yaradıcı ali təhsil ocağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyləri qeyd olundu.
Hər zaman ölkəmizdə baş verən bütün əlamətdar hadisələri fərqli və maraqlı layihələrlə qeyd etməsi ilə seçilən Mədəniyyət və İncəsənət Universiteti bu möhtəşəm yubileylərdən də kənarda qalmadı və il boyunca bir-birindən maraqlı, fərqli tədbirlər, konsertlər, dəyirmi masalar və görüşlərlə bu əlamətdar hadisələri universitet tariximizin ən gözəl səhifələrinə köçürə bildi.
Xüsusən, hər birimiz üçün doğma ocaq olan Mədəniyyət və İncəsənət Universitetinin 100 yaşını vurğulamaq istərdim ki, bu ali təhsil müəssisəsi ölkəmizdə nadir universitetlərdən biri oldu ki, yubileyi bir ildir müxtəlif məkanlarda, universitetlərdə fərqli və maraqlı tədbirlər, konsertlər, sərgilər, görüşlərlə qeyd olundu.
Cənab Prezident İlham Əliyevin ADMİU-nun 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı 6 iyul 2023-cü il, eyni zamanda ADMİU-nun 100 illik yubileyi münasibəti ilə bir sıra əməkdaşının mükafatlandırılması ilə bağlı 13 dekabr 2023-cü il tarixli sərəncamları ölkə başçısının mədəniyyətə, incəsənətə və təhsilə diqqət, qayğısının ən gözəl nümunələrindən biri kimi kollektivimiz üçün əsl stimul mənbəyi oldu.
Həmçinin, yola saldığımız il ərzində universitetimiz bir sıra istiqamətlər üzrə yüksək nəticələr göstərdi. Əməkdaşlarımızın və tələbələrimizin yerli və beynəlxalq müsabiqələrdə, festivallarda qazandıqları böyük uğurlar hər zaman olduğu kimi yenə də bütün kollektivimizə əsl sevinc və qürur yaşatdı.
Gərgin, amma xoş və yaddaqalan keçən 2023-cü ildə həyata keçirtdiyimiz bütün bu möhtəşəm layihələrə, qazandığımız uğur və nailiyyətlərə görə doğma ADMİU ailəsinə - professor-müəllim heyətinə, bütün əməkdaşlarımıza və ən əsası tələbələrimizə təşəkkür edirəm!
Əminəm ki, qarşıdan gələn 2024-cü il də ölkəmiz və universitetimiz üçün daha böyük uğurlarla yadda qalacaq bir il olacaq!
Sizi və ailələrinizi bir daha 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq diləyirəm! Azərbaycan incəsənətinin, elminin inkişafı, universitetimizin tərəqqisi naminə fəaliyyətinizdə hər birinizə yeni-yeni uğurlar arzulayıram!
Hörmətlə:
ADMİU-nun rektoru,
Əməkdar İncəsənət xadimi, professor
Ceyran Mahmudova