Aprelin 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında elan olunmuş 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Mədəniyyət: Problemlər və Perespektivlər” adlı doktorant və gənc tədqiqatçıların XVI Beynəlxalq elmi Konfransı keçirilib.
Aəzrbaycan Respublikasının Dövlət Himni ilə öz işinə başlayan konfransın plenar iclasını giriş sözü ilə ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva açaraq, rektor Ceyran Mahmudovanın salamlarını konfrans iştirakçılarına çatdırıb, rektorun və rəhbərliyin adından gənc tədqiqatçılara uğurlar arzulayıb. O qeyd edib ki, mədəniyyət xalqın mənəviyyatını təyin edən amillərdən biridir. Buna görə də bu sahədə gənc tədqiqatçıların araşdırmalarının böyük rolu var. Həmçinin, prorektor dövlət başçısının “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı sərəncamını qeyd edərək bildirib ki, sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi vurğulanıb. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Eyni zamanda, S.Əliyeva elmi konfransa müxtəlif yerli ali təhsil ocaqlarının gənc doktorant və dissertantları tərəfindən çox sayda məqalə daxil olduğunu, bu məqalələrin hər birinin həmin sahənin mütəxəssisləri tərəfindən diqqətlə oxunduğunu, redaktə edildiyini və nəticədə qəbul olunan məqalələrin bölmə iclaslarında təqdim olunacağını bildirib.
Plenar iclasda ADMİU-nun Sosial-mədəni fəaliyyət kafedrasının baş müəllimi Elçin Sərdarov, ADMİU-nun magistrantları Mirzə Hüseynov, Həsən Həsənov, İslam Əsədov, ADMİU-nun müəllimi Aysel Həsənova, ADNSU-nun magistrantı Cəmil Əliyev məruzələrlə çıxış ediblər.
Sonra konfrans bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında doktorant və gənc tədqiqatçıların məruzələri sədr, həmsədr və digər mütəxəsisslər tərəfindən dinlənilib, suallar verilib və iştirakçıların məruzələri qənaətbəxş hesab edilib.