Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşəbbüsü ilə QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü işə başlayıb.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, eləcə də BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nizami Əsədov və Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müdiri, dosent Səyavuş Məhişov təmsil ediblər.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev QDİƏT çərçivəsində görüşün üzv dövlətlərin turizm təhsili verən ali təhsil müəssisələrinin bilik və təcrübə mübadiləsinin asanlaşdırılması baxımından faydalı olacağını vurğulayıb.
Turizm sektorunda iş yerlərinin ildən-ilə çoxalmasına diqqət çəkən Fuad Nağıyev Azərbaycan gənclərini karyera imkanlarını nəzərə alaraq ixtisas seçərkən turizmyönümlü sahələrə üstünlük verməyə çağırıb.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku çıxışında görüşün təşkilat çərçivəsində turizm təhsili üzrə ilk belə hadisə olduğunu qeyd edərək tədbirin təşkil edilməsi və Bakıda baş tutmasının Azərbaycanın QDİƏT-in məqsəd və vəzifələrinin həyata keçirilməsinə verdiyi töhfələrin növbəti sübutu olduğunu bildirib.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov çıxışında hər il 100-ə yaxın tələbənin müxtəlif ölkələrdə turizm təcrübəsi keçdiyini qeyd edib. Bildirib ki, universitet beynəlxalq mübadilə proqramlarında fəal iştirak edir.
Görüş çərçivəsində "Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: Turizm təhsilində ən yaxşı təcrübələr", "Kurikulum dizaynı: Sabahın ehtiyacları üçün turizm təhsilinin təkmilləşdirilməsi" mövzularında panel diskussiyalar, həmçinin "Turizm təhsilində keyfiyyət təminatı və akkreditasiya" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin ikinci günündə təşkilata üzv ölkələr arasında turizm təhsili üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi mövzusunda dəyirmi masanın təşkili nəzərdə tutulub.