22 aprel 2024-cü il tarixində ADMİU-nun Kitabxana-informasiya mərkəzi (KİM) oxuculara ixtisaslaşmış kitabxana fondu və rəqəmsal informasiya resursları ilə sürətli və keyfiyyətli xidmətin təşkili məqsədilə keçirdiyi oxucu-sorğusuna əsasən “Rəqəmsal resurslardan istifadə” təlimlərinə başlayıb. İlk təlimdə Teatr sənəti fakültəsinin “Dram rejissoru və səhnə plastikası” kafedrasının professor-müəllim heyəti və tələbələri iştirak edib. KİM-in müdiri Tamilla Əsgərova tədbiri giriş sözü ilə açaraq kitabxana fondunun tamamilə elektron kataloqlaşdırılmasından və rəqəmsal kitabxana platformasının geniş istifadəçi auditoriyası üçün əlyetərliyini təmin etməklə yanaşı, onların mövzu üzrə sistemləşdirilməsi və idarəolunmasından bəhs edib. Təlimdə Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov müəllifi olduğu 15 adda kitabın mövzusu və aktuallığı barədə fikirlərini iştirakçılarla bölüşüb. Teatr sahəsi üzrə peşəkar kadr hazırlığı prosesində bu nəşrlərin əhəmiyyəti qeyd olunub. KİM tərəfindən alimin elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş “Teatr-incəsənətimizin zirvəsidir” adlı layihə çərçivəsində hazırlanmış videoçarx maraqla qarşılanıb.
KİM-in biblioqrafı, Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müəllimi Natiq Mürsəlov universitet kitabxanası və ölkənin digər aparıcı kitabxanalarının rəqəmsal resurslarından optimal istifadənin metodları üzrə təqdimat nümayiş etdirib. Oxucuların onlayn tədris resurslarından operativ istifadəsini təmin etmək məqsədilə 8 bənddən ibarət “Kitabxana-informasiya mərkəzi üzrə istifadəçi təlimatı” ilə iştirakçılar tanış edilib. ADMİU-da tətbiq olunan EDUMAN elektron təhsil platformasında “müəllim kabineti” və “tələbə kabineti”ndən istifadə etməklə onlayn tədris resurslarına birbaşa keçidin təmin olunduğu vurğulanıb. Rəqəmsal kitabxanadan mobil texnologiya vasitəsilə operativ və səmərəli istifadə üçün hazırlanmış QR-kod sistemi haqqında iştirakçılar məlumatlandırılıb. KİM-in universitetin rəsmi internet saytında mütəmadi olaraq təkmilləşdirilən veb səhifəsi barədə ətraflı bilgilər təqdim olunub.
İnteraktiv nəşrlər yaratmaq üçün ən mükəmməl xidmətlərdən biri olan “Calameo.com” portalında KİM tərəfindən təşkil edilən virtual kitabxanaya dair məlumat verilərək burada yerləşdirilmiş 33 kitabın onlayn rejimdə oxucuların istifadəsinə təqdim olunduğu göstərilib. Universitetin professor-müəllim heyətinin çap olunmuş kitablarının dünyanın hər yerində əlçatan olmasını təmin etmək üçün intellektual mülkiyyət və müəlliflik hüquqlarının qorunması şərtilə (onların rəsmi imzalı icazə sənədi əsasında) onların rəqəmsal variantının bu kitabxanaya daxil olunduğu vurğulanıb. Virtual kitabxananın imkanları çərçivəsində hər bir kitabdan istifadə üzrə və nəşrlərə müraciətlərin coğrafi məkan statistikasına girişin təmin olunduğu diqqətə çatdırılıb.
Təlimçi N.Mürsəlov KİM-də son illərdə həyata keçirilən layihələr, yeni daxil olan tədris ədəbiyyatı, sərgilər və professor-müəllim heyətinin yubiley təbriklərini müntəzəm olaraq oxuculara çatdırmaq məqsədilə Facebook, Instagram, Linkedin və Youtube sosial portallarında yerləşdirilən xəbərlər haqqında da qısa məlumat təqdim edib. İnternet mühitində mərkəzin veb saytı, elektron poçt və sosial şəbəkələr vasitəsilə tələbatçıların sorğusu əsasında istifadəçilər tərəfindən edilən sorğulara cavab olaraq kitab və məqalələrin elektron variantlarının onlara çatdırıldığı qeyd olunub. Tədbirdə Teatr fakültəsinin dekanı, dosent Kəmalə Mehdiyeva, dekan müavini Lalə Səlimova, Əməkdar incəsənət xadimi, professor Fikrət Sultanov, dosentlər Sevda Teymurova, Ofelya Zeynalova, Sahib Novruzov, müəllimlər Gümrah Ömər, Hilal Dəmirov, eləcə də Kulturologiya fakültəsinin və Bakı Humanitar Kollecin kitabxanaçılıq ixtisası üzrə KİM-də təcrübə keçən tələbələri iştirak ediblər.