Aprelin 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyi tərəfindən “Könüllülərə yol açırıq” adlı satış sərgisi keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan sərgidə həssas qruplardan olan insanların əl işləri təqdim edilib.
Sərginin açılışında ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva çıxış edərək hər kəsi ali məktəbin rektoru professor Ceyran Mahmudovanın adından salamlayıb və sərginin işində uğurlar arzu edib. O bildirib ki, sərginin təşkilində əsas məqsəd həssas qrupa aid insanların cəmiyyətə adaptasiyası və cəmiyyət tərəfindən qəbulunu təmin etməkdir. Ölkəmizdə aparılan bir sıra islahatlar məhz həssas qrupa aid insanların həyata qayıtmasına, cəmiyyətə uyğunlaşmalarına xidmət edir.
“Biz də bu səpkidə ölkəmizdə keçirilən tədbirlərə töhfə olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyini qəbul etdik. Qeyd edim ki, bu İctimai Birlik artıq bir sıra ali təhsil müəssisələrində müvafiq sərgilərin təşkilatçısı olub”, - deyə S.Əliyeva əlavə edib.
Daha sonra “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə Məmmədova sərgi iştirakçıları haqqında məlumat verib. Onun sözlərinə görə, 14 ildir fəaliyyət göstərən İctimai Birlik bu müddət ərzində müxtəlif sərgilərin həyata keçirilməsini təmin edib. “Bir çox universitetlərdə bu tədbirləri təşkil etməkdə məqsədimiz odur ki, yeni nəsil həssas qrupa aid olan istedadlı insanları tanısın və onlara dəstək olsun”, - deyə təşkilat sədri bildirib.
Satış sərgisində, həmçinin Türk Əməkdaşlıq Koordinasiya Agentliyindən, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən tədbirdə iştirak edən qonaqlara söz verilib.
Tədbirin bədii hissəsində ADMİU-nun Muğam sənəti kafedrasının konsertmeysterləri və tələbələri çıxış ediblər.
Daha sonra qonaqlar satış sərgisi ilə yaxından tanış olublar.