ADMİU-NUN MƏZUNU REJİSSOR AZƏR QULİYEVİN FİLMİ 77-Cİ KANN FİLM FESTİVALINDA YARIŞACAQ
ADMİU-NUN MƏZUNU REJİSSOR AZƏR QULİYEVİN FİLMİ 77-Cİ KANN FİLM FESTİVALINDA YARIŞACAQ
25.04.2024
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu rejissor Azər Quliyevin "Sanki yoxsan" adlı filmi 4420 film arasından seçilmiş 11 filmdən biri olaraq 77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində yarışacaq.
Qeyd edək ki, Azər Quliyevin 2017-ci ildə çəkdiyi “Pa-Pa” adlı qısametrajlı filmi həmin ildə Avrasiya beynəlxalq film festivalının və Batumi beynəlxalq art-xaus film festivalının əsas müsabiqəsində iştirak edib. 2021-ci ildə çəkilmiş “Təngnəfəs” adlı növbəti qısametrajlı filmi isə nüfuzlu Sarajevo beynəlxalq film festivalının əsas müsabiqə proqramında iştirak edib.
Gənclər üçün Prezident mükafatına layiq görülən rejissor Azər Quliyevin Mədəniyyət nazirliyinin “Böyük qayıdış” layihəsi çərçivəsində çəkdiyi “İkinci planetin qırmızı rəngi” qısametrajlı bədii filmi Finlandiyada keçirilən nüfuzlu Tampere Beynəlxalq Film Festivalının “Cənubi Qafqaz” adlı xüsusi proqramında nümayiş olunub. Eyni zamanda, film Avropada böyük maraqla qarşılanandan sonra Amerika Birləşmiş Ştatlarının Ohayo ştatında keçiriləcək nüfuzlu 51-ci Athens İnternational film + video festivalının əsas müsabiqə proqramında iştirak edib. Qeyd edək ki, bu festival Amerika kinoakademiyasının (Oskar mükafatı) kvalifikasiyasına malikdir.
Azər Quliyevin 2024-cü il istehsalı olan yeni “Sanki yoxsan” adlı bədii qısametrajlı filmi Kann beynəlxalq film festivalının əsas müsabiqə proqramına seçilib. Qızıl palm budağı uğrunda mübarizə aparacaq film dünya üzrə 4420 film içindən seçilən 11 filmdən biridir.